Dənizkənarı Bulvar İdarəsi ötən il 3 milyon manatdan çox xalis mənfəət əldə edib

18 İyun 2025 11:41 (UTC+04:00)

Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2024-cü ili 3,209 milyon manat mənfəətlə başa vurub. SİA qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 25,6 dəfə çoxdur.

Ötən il DBİ-nin əsas əməliyyat gəlirləri 5,715 milyon manat (əvvəlki ilə nisbətən 3,45 dəfə az), sair əməliyyat gəlirləri 16,895 milyon manat (əvvəlki il olmayıb), istiffadə etdiyi materialların dəyəri 825 min manat (əvvəlki il olmayıb), insan resursları üzrə xərcləri 14,041 milyon manat (18,9 % çox), amortizasiya və köhnəlmə xərcləri 1,442 milyon manat (16,4 % az), digər əməliyyat xərcləri 3,024 milyon manat (15 % az), sair əməliyyat xərcləri 30 min manat (8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 38 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə DBİ-nin aktivləri 214,835 milyon manat olub ki, bu da illik müqayisədə 42,5 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 1 % artaraq 24,277 milyon manata, balans kapitalı isə 45,4 % azalaraq 190,557 milyon manata çatıb.

Xatırladaq ki, DBİ 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,211 milyon manatdır. İdarə Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.