TikTok #AzərbaycanMüəllimləri müsabiqəsinin nəticələrini elan edib

18 İyun 2025 10:26 (UTC+04:00)

Video məzmun yaradılması üçün aparıcı platforma olan TikTok, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən ilk #AzərbaycanMüəllimləri müsabiqəsinin yekunlarını açıqlayıb. SİA xəbər verir ki, müsabiqə, biliklərini və təhsil məzmununu geniş auditoriyaya çatdırmaq üçün yaradıcı yanaşmalardan istifadə edən, ölkənin dörd bir yanından istedadlı müəllimləri bir araya gətirdi.

Müsabiqədə iştirak etmək üçün məktəb, kollec və ali təhsil müəssisələrinin müəllimləri dəvət olunmuşdu. Bunun üçün onlardan öz fənləri haqqında maarifləndirici videoları platformada paylaşmaları tələb olunurdu. Ölkənin müxtəlif bölgələrindən yüzlərlə müəllim müsabiqədə iştirak edib, rəsmi #AzərbaycanMüəllimləri həştəqi ilə 4 mindən çox təhsil videosu paylaşılıb.

Müsabiqənin qalibləri yüksək keyfiyyətli tədris videoları paylaşan və çox sayda baxış toplayan üç müəllim oldu.

• Günel Əkbər — Bakı şəhəri, 12 saylı tam orta məktəbin ibtidai sinif müəllimidir. Günel TikTok-da böyük məşhurluq qazanıb - artıq 700 mindən çox izləyicisi var. O, həm maarifləndirici, həm də məktəb həyatından sevincli və duyğulu anları paylaşır.

• Aysel Yaqub — Bakı şəhərindəki “Simurq” liseyində riyaziyyat və informatika müəllimidir. Həyatsevər və həmişə gülərüz olan Aysel şagirdlərini çox sevir və onlar da ona qarşı eyni sevgini göstərirlər. TikTok-da müəllimə müxtəlif riyazi məsələlərin həllinə dair izahlar və faydalı məsləhətlər paylaşır.

• Bəxtiyar Bəxtiyarlı — Yardımlı rayonundakı İlgər Şəkərov adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Müxtəlif çətin mövzuların izahı ilə yanaşı, Bəxtiyat öz videolarında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri haqqında danışır.

“Bu il Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan müəllimləri üçün yeni bir təşəbbüs irəli sürdük. Ölkədə çox sayda yaradıcı müəllimin qısa videolar vasitəsilə təhsil məzmununu yeni və maraqlı formatda təqdim etdiyini görürük. Ümid edirik ki, bu müsabiqə Azərbaycanda müsbət ənənəyə çevriləcək və müəllimlərin sayəsində TikTok platformasında müxtəlif fənlər üzrə biliklər daha geniş auditoriyaya çatacaq,” — deyə Azərbaycanda, Türkiyədə, Şərqi Avropada və Mərkəzi Asiyada TikTok-un əməliyyatlar üzrə rəhbəri Melis Çağlar bildirib.

Müsabiqənin qaliblərinə dəyərli hədiyyələr — TikTok platforması üçün keyfiyyətli kontent yaratmağa kömək edəcək iPhone 16 Pro smartfonları təqdim olunacaq.

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.