UEFA Konfrans Liqasındakı ilk rəqiblər bu gün bəlli olacaq

18 İyun 2025 10:09 (UTC+04:00)

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. SİA xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq mərasimdə Azərbaycan klubları “Zirə” və “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşəcək.

Azərbaycan təmsilçilərinin potensial rəqibləri sırasına AZ (Niderland), “Rapid” (Avstriya), “Sparta” (Çexiya), “Başakşehir” (Türkiyə), “Makkabi” (Hayfa, İsrail), “Omoniya” (Kipr), “Yagelloniya” (Polşa), “Santa Clara” (Portuqaliya), “Astana” (Qazaxıstan), “Şarlerua” (Xorvatiya), “Riqa” (Latviya), “Maribor” (Sloveniya), AEK (Yunanıstan), “Balkani” (Kosovo), “DAK 1904” (Slovakiya), “Rakuv” (Polşa), “Rusenborq”, “Vikinq” (hər ikisi Norveç), “Aris” (Yunanıstan), “Austriya” (Avstriya), “Vaduts” (Lixtenşteyn), “Dandi Yunayted” (Şotlandiya) “Bröndbi”, “Silkeborq” (hər ikisi Danimarka), “Lozanna” (İsveçrə), “Puşkaş Akademiyası” (Macarıstan), “Universitata” (Rumıniya) və “Beytar” (İsrail) daxildir.

Həmçinin, I təsnifat mərhələsində üz-üzə gələcək “Borats” (Bosniya və Herseqovina) - “Santa Coloma” (Andorra), “Runavik” (Farer adaları) - HIK (Finlandiya), “Valur” (İslandiya) - “Flora” (Estoniya), “Seynyayoki” (Finlandiya) - “Klaksivik” (Farer Adaları), “Malişevo” (Kosovo) - “Vikinqur” (İslandiya), “Tre Fiori” (San Marino) - “Püunik” (Ermənistan), “Birkirkara” (Malta) - “Petrokub” (Moldova), “Larne” (Şimali İrlandiya) - “Auda” (Latviya), “Meqpays” (Cəbəllütariq) - “Payde” (Estoniya), “Atletik Eskaldes” (Andorra) - “Düdelanj” (Lüksemburq), “Nomme Kalyu” (Estoniya) – “Partizani” (Albaniya) cütünün qalibləri və UEFA Avropa Liqasının I təsnifat mərhələsində AEK (Kipr) – “Partizan” (Serbiya), “Spartak” (Slovakiya) – “Hakken” (İsveç) matçının məğlubarı da potensial rəqiblər arasında yer alıb.

Bununla yanaşı, "Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sele"yə məğlub olacağı təqdirdə, mübarizəni UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək. Bugünkü püşkatmada cütün məğlubunun potensial rəqibi də müəyyənləşəcək.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24 və 31-də keçiriləcək.