Eşitmə məhdudiyyətli idmançılarımız beynəlxalq yarışdan 6 medalla qayıdıblar - FOTOLAR

17 İyun 2025 17:01 (UTC+04:00)

Azərbaycan Deflimpiya Komitəsinin eşitmə məhdudiyyətli karateçiləri Moldovanın paytaxtı Kişineuda keçirilən “Chisinau Karate Open Grand Prix” turnirində uğurlu nəticələr göstərərək 6 medal qazanıblar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, müxtəlif ölkələrdən 300-ə yaxın idmançının mübarizə apardığı yarışda Azərbaycandan 16 idmançı, o cümlədən deflimpiyaçı, yəni eşitmə məhdudiyyətli 6 idmançı iştirak edib. Deflimpiyaçılarımız “Senior Deaf” kateqoriyasında nailiyyətlər əldə edərək 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələniblər. Onlardan Elnur Qasımzadə (67 kiloqram) qızıl medal, Hikmət Ağayev (60 kiloqram) və Əliəkbər Əlizadə (75 kiloqram) gümüş, Şaiq Osmanov (75 kiloqram), Sahib Sahibli və Elmin Hüseynli (hər ikisi 84 kiloqram) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, idmançılarımız baş məşqçi Seymur Xudaverdiyevin rəhbərliyi altında turnirdə mübarizə aparıblar.

Xatırladaq ki, eşitmə məhdudiyyətli şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafını, onların cəmiyyətə inteqrasiyasını və beynəlxalq idman arenalarında uğurlu təmsilçiliyini təmin etmək məqsədilə 2023-cü ilin oktyabrında Azərbaycan Deflimpiya Komitəsi yaradılıb və Komitə 2025-ci ildən Beynəlxalq Karlar İdman Komitəsinin (ICSD) üzvüdür.