Xarici diplomatlar Azərbaycanda məcburi köçkün probleminin həlli və Böyük Qayıdış prosesi barədə məlumatlandırılıb. SİA xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (Qaçqınkom) məlumat verilib.
Qeyd olunub ki, Xarici İşlər Nazirliyinin (XİN) nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və ADA Universitetinin birgə əməkdaşlığı ilə “Əcnəbi diplomatlar üçün diplomatik xidmət təkmilləşdirmə proqramı (AFSP)”çərçivəsində keçirilən sessiyada "Qaqçqınkom" sədrinin müavini Fuad Hüseynov çıxış edib.
O, 27 ölkəni təmsil edən 31-ə yaxın yüksək vəzifəli diplomat üçün “Azərbaycanda məcburi köçkünlər probleminin həlli – uzunmüddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə ilə Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşamağa məruz qalmış 1 milyondan çox şəxsin yaşadığı məhrumiyyətlər, çətinliklər haqqında məlumat verilib.
Sədr müavini qonaqları “Böyük Qayıdış” prosesi ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdən biri kimi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən söz açıb.
Diplomatların diqqətinə çatdırılıb ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir.
Bu çərçivədə Dövlət Komitəsi ilə ADA Universiteti tərəfindən “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi məqsədilə məcburi köçkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsi haqqında məlumat verilib. Qeyd edilib ki, Ermənistanın uzun illər ərzində işğal altında saxladığı əraziləri mina ilə çirkləndirməsi Böyük Qayıdış prosesinin qarşısında ciddi maneə olaraq qalmaqdadır.
Tədbirdə o da qeyd olunub ki, Azərbaycan dövləti yalnız qaçqın və məcburi köçkünlərin problemlərinin həlli sahəsində deyil, eyni zamanda postmünaqişə dövrünün reabilitasiyası və keçmiş məcburi köçkünlərin doğma yurdlarında reinteqrasiyası baxımından da dünya miqyasında nümunəvi bir model təqdim etməkdədir.
Diplomatlara həmçinin Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası, Azərbaycan xalqına qarşı törədilən cinayətlər barədə ətraflı məlumatlandırılıblar.
Mühazirədən sonra Amerikada doğulub boya-başa çatmış, əsli Cəbrayıl rayonunun Süleymanlı kəndindən olan gənc Ceyhun Qarabağlının baba yurduna səfərindən bəhs edən “Bura mənim evimdir” sənədli filmi, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini, insanların firavan yaşayışını nümayiş etdirən videoçarxlar nümayiş olunub, eləcə də Dövlət Komitəsi tərəfindən hazırlanmış çap materialları iştirakçılara paylanılıb.