852 texniki nasaz avtomobil yolda qalıb - NİİM

17 İyun 2025 10:17 (UTC+04:00)

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yük avtomobillərinin sürücülərinə müraciət edib. Bu barədə SİA-ya NİİM-dən məlumat verilib.

Bildirilib ki, texniki nasaz yük avtomobilləri yollarda qalır, nəqliyyat sıxlığı yaranır:

"Paytaxtın Ziya Bünyadov, Tbilisi prospektləri, Bakı-Sumqayıt şosesində bir neçə yük avtomobilinin yollarda qalması metronun “Koroğlu”, “20 Yanvar” və mərkəz istiqamətlərində süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Xüsusilə də ağır çəkili, iri qabaritli yük avtomobillərinin bu səbəbdən yolun hərəkət hissəsində və kənarlarında qalmaları, sürücülərin təhlükəsizlik qaydalarına əməl etməmələri digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradır. Bəzi hallarda bu diqqətsizlik və məsuliyyətsizlik yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur".

Məlumata görə, bu ilin yanvar-may ayları ərzində ümumilikdə 852 texniki nasaz avtomobili yolda qalıb ki, onların da bir neçəsi yük avtomobilləridir:

"Mərkəz belə sürülərə müraciət edərək bildirir ki, yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyəti yoxlanılmalı, hərəkət zamanı nasazlıq yarandıqda qəza dayanma nişanı və işıq siqanlı yandırmaqla təhlükəsizliyi təmin edilməlidir".