Azərbaycanda ümumilikdə 9 iqtisadi rayon üzrə 13 bölgədə məhsul festivallarının keçirilməsi nəzərdə tutulur. SİA xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib.
Onun sözlərinə görə, yerli istehsalın stimullaşdırılması, regionların iqtisadi potensialının tanıdılması məqsədilə keçiriləcək: “Bu festivallar iyun ayından start götürüb noyabr ayına qədər davam edəcək. İlk məhsul festivalı Samux rayonunda baş tutacaq. Bu bölgədə artıq 2-ci dəfə ərik festivalı təşkil olunacaq. Festival çərçivəsində yerli fermerlərin yetişdirdiyi ərik növləri nümayiş etdiriləcək, məhsulların satışı həyata keçiriləcək və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfat sahibləri arasında təcrübə mübadiləsi aparılacaq”.
Nazirlik rəsmisi qeyd edib ki, hazırda ölkədə bostan və tərəvəz məhsulları üzrə özünütəminetmə səviyyəsi 100 %-dir: "Bu məhsullar həm daxili bazarı təmin edir, həm də ixrac olunur. Bu festivalların keçirilməsi isə ixrac imkanlarının genişlənməsinə, yerli brendlərin formalaşmasına və kənd təsərrüfatında rəqabət qabiliyyətinin artmasına səbəb olur. İyunun 30-da Şəmkirdə Tərəvəz Festivalı təşkil olunacaq. Şəmkir Azərbaycanın tərəvəz istehsalı üzrə lider bölgəsidir və bu festivalda yüksək məhsuldarlıq, innovativ becərmə metodları və yerli təsərrüfatların nailiyyətləri təqdim ediləcək. İyul ayında isə Kürdəmir rayonunda Bostan Festivalı keçiriləcək. Bu bölgə qarpız, yemiş və digər bostan məhsullarının yetişdirilməsi ilə tanınır. Festival çərçivəsində bostan məhsullarının sərgisi, yerli istehsalçıların təqdimatları təşkil olunacaq".
Onun sözlərinə görə, bu ildən etibarən Üzüm və Şərab Festivalı da nazirliyin dəstəyi ilə keçirilləcək: “Festival üzümçülük və şərabçılıq sahəsində fəaliyyət göstərən fermerləri, şirkətləri və mütəxəssisləri bir araya gətirəcək. Festival çərçivəsində üzümçülüyün inkişafı istiqamətində dövlətin təqdim etdiyi dəstək mexanizmləri, subsidiya proqramları, müasir becərilmə texnologiyaları və uğurlu təcrübələr nümayiş etdiriləcək”.
A.Cəfərov onu da deyib ki, bu il Azərbaycanda məhsul festivallarının mərkəzləşdirilmiş və vahid formatda təşkil edilməsi bölgələrin aqrar inkişafına, yerli məhsulların tanıdılmasına və aqroturizm potensialının artırılmasına güclü təkan verir: “Bu təşəbbüs yalnız kənd təsərrüfatının inkişafı baxımından deyil, həm də regionlara əlavə investisiya cəlbi və turizm axınının gücləndirilməsi istiqamətində strateji rol oynayır".