Xalq artisti Amaliya Pənahovanın məzarı ziyarət edilib

15 İyun 2025 19:34 (UTC+04:00)

15 iyun Bakı Bələdiyyə Teatrının yaradıcısı, Xalq artisti, Dövlət mükafatları laureatı, "Şərəf" və "Şöhrət" ordenli Amaliya Pənahovanın doğulduğu gündür, 80 yaşı tamam olur.

SİA xəbər verir ki, bu münasibətlə Xalq artistləri - Amaliya Pənahova və Yusif Muxtarovun məzarları üstünə gül dəstələri düzülüb, xatirələri yad edilib.

Mərasimdə Mədəniyyət Nazirinin müavini Murad Hüseynov, nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvləri - Əməkdar incəsənət xadimi Firəngiz Qurbanova, katiblər - Əməkdar incəsənət xadim Baba Vəziroğlu, Xalq artisti Həmidə Ömərova, filoloq alim Akif Əli, Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, Əməkdar incəsənət xadimləri - Məryəm Əlizadə, İlham Rəhimli, Əməkdar artist Azad Şükürov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi, Xalq artistləri - Rafiq Əzimov, Şükufə Yusupova, Nurəddin Mehdixanlı, eləcə də Bakı Bələdiyyə Teatrının rəhbərliyi, teatrın baş rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov və kollektivi iştirak edib.

Azərbaycanın Milli qurtuluş gününə təsadüf edən ziyarət zamanı xatirələr danışılıb, Amaliya Pənahova haqqında - onun hərtərəfli yaradıcılığı, vətənpərvərlik ruhuna söykənən fəaliyyəti, çətin bir dövrdə yaratdığı Bakı Bələdiyyə Teatrının gördüyü işlər xatırlanıb, görkəmli aktrisanın ruhuna layiq olduğu gözəl sözlər söylənib. Sonda Bakı Bələdiyyə Teatrının direktoru Aynur Muxtarova anasının xatirəsinə göstərilən hörmət və ehtirama görə hər kəsə dərin minnətdarlığını bildirib.

Xatırladaq ki, ilin sonuna kimi Amaliya Pənahovanın yubileyi münasibətilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.