Qaçqınkom sədri BMT ilə işləyən jurnalistlərlə görüşüb

13 İyun 2025 16:52 (UTC+04:00)

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT Baş Qərargahında akkreditə olunmuş və BMT Müxbirlər Assosiasiyasına üzv jurnalistlər– Vüsalə Abbasova, Stefano Vakkara, Cordan Dakamseh ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.

Qeyd edilib ki, jurnalistlərə Azərbaycand qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti və komitənin fəaliyyəti barədə məlumat verilib. Ermənistanın deportasiya və işğal siyasətinin tarixi kökləri, bu siyasətin nəticəsində yaranan qaçqın və məcburi köçkün problemi və soydaşlarımızın vaxtilə üzləşdikləri məhrumiyyətlər geniş şəkildə izah olunub. Bildirilib ki, münaqişənin ilk illərində məcburi köçkünlər müxtəlif müvəqqəti yaşayış obyektlərində və çadır düşərgələrində çətin şəraitdə məskunlaşıblar. Dövlət tərəfindən onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir standartlara cavab verən qəsəbələr, yaşayış kompleksləri inşa edilib.

Bildirilib ki, hazırda Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib. Beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, keçmiş məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə doğma yurda qayıdışı həyata keçirilir. Bu məqsədlə müvafiq Dövlət Proqramı qəbul edilib, genişmiqyaslı tədbirlər uğurla icra olunur.

Qonaqlar qeyd ediblər ki, qaçqın və məcburi köçkün məsələsi bəzi ölkələrin qarşılaşdığı ən çətin vəziyyətdir. Azərbaycan bu kateqoriyadan olan şəxslərin təhlükəsiz və ləyaqətlə geri dönməsi üçün real imkanlar yaradıb.