"Turizm həm də beynəlxalq əlaqələri gücləndirir" - ŞƏRH EDİLDİ

13 İyun 2025 16:15 (UTC+04:00)

"Dövlətlər turizm siyasətində iqtisadi artım, iş yerlərinin yaradılması, infrastrukturun inkişafı, mədəni irsin və ətraf mühitin qorunmasına və təşviqinə önəm verirlər". Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib.

O bildirib ki, turizm həm də beynəlxalq əlaqələri gücləndirir, yeni əməkdaşlıq sahələrini genişləndirməyə kömək edir: "Viza rejiminin ləğvi və ya sadələşdirilməsi isə səyahətləri, işgüzar əlaqələri asanlaşdırır, ölkələr arasında mədəni mübadiləni təşviq edir. Eyni zamanda qarşılıqlı potensial investorlar, biznes tərəfdaşları və tədqiqatçılar üçün yeni imkanlar açır. Təcrübə göstərir ki, səyahət edən şəxslər də bronlaşdırma müddətlərinin qısalmasına, məhdud planlaşdırma tələb edən istiqamətləri seçməyə üstünlük verir. Azərbaycan və Çin arasında viza rejiminin ləğvi də bu mənada turizm sənayesini inkişaf etdirmək, iqtisadi, mədəni əlaqələrin daha da genişləndirilməsinə təkan olacaq. Bu, həm də dövlətlər arasında kadr mübadiləsinin asanlaşdırılmasını daha geniş təşviq edəcək. Hər iki ölkə turizm siyasəti üzrə kommunikasiya və koordinasiyanı gücləndirməyə, turistlərin mübadiləsini birgə təşviq etməyə hazırdır.

Ümumiyyətlə, son illər Azərbaycan çinli turistlər üçün cəlbedici məkana çevrilib. Belə ki, 2024-cü ildə Azərbaycana gələn çinli turistlərin sayı 2023-cü illə müqayisədə 2 dəfə çox olub. Səbəb viza prosedurlarının sadələşdirilməsi, Bakıdan Pekinə və Urumçiyə birbaşa uçuşların çinli turistlərə daha rahat, səmərəli səyahət xidmətləri təqdim etməsidir.

Qeyd edim ki, ölkələrimiz arasında münasibətlər hərtərəfli strateji əməkdaşlıq üzərində inkişaf edir. Bakı və Pekin iki ölkə üçün faydalı olan inkişaf yolunu, daha inklüziv, dinc və davamlı qlobal gələcəyin qurulması istiqamətində addımlar atır. Hesab edirəm ki, intensiv qarşılıqlı səfərlər vasitəsilə müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi mümkün olacaq. Bu isə qarşılıqlı şəkildə iqtisadi dividendlərin əldə olunması deməkdir".