"Nə qədər etiraf etməsə də, Donald Tramp ABŞ-ı uçurumun dibinə qədər gətirib çıxarıb. İlk prezidentlik günlərindəki gurultulu bəyanat və hədələr, bir çox dünya liderlərini azarlayan hərəkətləri artıq onun köməyinə gəlmir. Onun Ağ Evə köçər-köçməz özünü dünya ağası kimi aparması artıq fiaskoya uğramış bir keçmiş kimi xatırlanır. Dünyadakı müharibələri bir neçə həftəyə bitirə biləcəyi barədəki “falçılığı” yaxşı xatırlanır. Artıq onun Vladimir Putinlə ittifaqı da keçici həvəs kimi başa çatıb. İndi sırada onun siyasətinə etiraz edən amerikalılar var. Xüsusilə D.Trampın miqrantlar əleyhinə amansız siyasəti, Meksika və Kanadaya qarşı qəbuledilməz sərt addımları, açıq şəkildə Kanadanı işğal etməklə hədələməsi ABŞ daxilincə ciddi narazılıq dalğasına səbəb oldu.
Diqqət edin: Hazırkı Ağ Ev sahibinin ABŞ sərhədlərini bağlamağa yönəlmiş sərt immiqrasiya siyasəti, xüsusilə də Meksika ilə sərhəddə divar tikmək təşəbbüsü, əlaxüsus ailələrin ayrılmasına səbəb olacaq son addımları kütləvi etiraz dalğası üçün əsl benzin effekti oldu. Müxtəlif sosial təbəqələrin və etnik kökənlərin cəmləşdiyi ABŞ-ı bu şəkildə idarə etmək bilirsiniz nəyə oxşayır? Tamamilə keçmiş SSRİ-nin son illərindəki Mixal Qorbaçov siyasətinə. Məhz o da çoxmillətli ölkəni ağıl və məntiqin yoxsul olduğu bir dağıdıcılıqla “idarə” edir, bilərəkdən ölkə daxilində çaxnaşma və millətlərarası düşmənçilik toxumu səpirdi. İttifaq tipli dövlətlərdə bunu etmək isə o deməkdir ki, o ölkənin sonunu gətirirsən.
Xüsusilə ABŞ kimi mürəkkəb ictimai düşüncəyə sahib ölkədə bunu “eksperiment” kimi yoxlamaq belə dəhşətli nəticələrə gətirə bilər. İrqçilik və sosial ədalətsizlik içində çapalayan bir cəmiyəti bu şəkildə qıcıqlandırmaq ağlı başında olan heç bir prezidentin ata biləcəyi addımlar deyil. Artıq budur, D.Trampın son iki gündə etirazçılara qarşı amansız hərbi güc tətbiqi həm də ənənəvi ABŞ demokratiyasını və hüququ dövlət anlayışını da tozanaq kimi havaya sovurdu. D.Tramp bu siyasətinə davam edərsə, ABŞ üçün ən ağır situasiyanın və daxili siyasi çaxnaşmanın pik həddinə çıxması qaçılmaz olacaq.
Başqa bir yandan, hazırkı Ağ Ev sahibi sanki hakimiyyətə gəlmək üçün xərclədiyi milyonları geri qaytarmaq üçün vurnuxan acgöz məmur, ya da biznesmen təəssüratı bağışlayır. O ABŞ kimi nəhəng ölkənin sükanı arxasında oturan dövlət xadimi libasında deyil. Yaxın Şərqə son üçgünlük səfəri zamanı üç ərəb ölkəsindən ümumi qiyməti 3 trilyard dollar olan müqavilələrlə geri qayıtması, üstəlik ona bağışlanan 400 milyon dollarlıq zirehli və özəl hazırlanmış təyyarəni Vaşinqtonda gətirməsi onun ABŞ-ın maraqlarından daha çox öz sərvətlərinin qayğısına qalan tüccar prezident obrazını ortaya çıxarır. Nə dünya üçün vəd etdiyi sülhdən, ağalıqdan əsər-əlamət qalıb, nə də gələcəklə bağlı planlarından. Onsuz da Volodimir Zelenski ilə Ağ Evdəki o məşhur söz müharibəsindən sonra imici yerlə-yeksan olan D.Tramdan artıq nə Avropada qorxan var, nə də Afrikanın hansısa ölkəsində. Artıq içi boş hegemonluq iddiası Trampdan daha çox ABŞ-ın başına bəla olub. Çünki D.Tramp bu siyasətinə davam edərsə, ABŞ üçün ən ağır situasiyanın və daxili siyasi çaxnaşmanın pik həddinə çatması qaçılmaz olacaq. Hətta ştatların parçalanmasına qədər...
Mətləb Salahov