“İnkişaf perspektivləri ilə bağlı gözləntilər əsasən müsbətdir” - EKSPERT DANIŞDI

13 İyun 2025 12:30 (UTC+04:00)

“Azərbaycan turizmi ilə bağlı Dövlət Turizm Agentliyinin 2023–2026-cı illər üzrə turizm strategiyası mövcuddur. Bu strategiyada sənayenin inkişafı, gəlmə turizmi və həmçinin daxili turizmlə bağlı əsas istiqamətlər qeyd olunub. Dövlət tərəfindən istənilən sahə üçün ilk növbədə sənayenin qurulması və dayanıqlı olması prioritet hesab olunur. Daha sonra isə bu sənayedə fəaliyyət göstərən şirkətlər, qurumlar və müəssisələr sosial və iqtisadi baxımdan öz fəaliyyətlərini həyata keçirərək sahəyə dəstək göstərir və xidmət təklif edirlər”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Kənan Hənifəyev deyib.

Kənan Hənifəyev sözlərinə belə davam edib: “Sənayenin beş il ərzində inkişaf perspektivləri ilə bağlı gözləntilər əsasən müsbətdir. Hər ilin nəticəsinə əsasən növbəti mövsüm üçün hədəflər artırılır, statistik göstəricilər yüksəlir. Bu istiqamətdə həm Dövlət Turizm Agentliyi (DTA), həm də özəl sektor səmərəli şəkildə əməkdaşlıq edir. Əlbəttə, dünyada baş verə biləcək geosiyasi dəyişikliklər və qlobal istiləşmə ilə bağlı nüanslar da nəzərə alınır və qiymətləndirilir. Ümid edirik ki, turizm sənayesi insanların istirahəti üçün lazımi xidmətləri göstərməkdə davam edəcək.

Ölkəmizdə yay turizmi ənənəvi olaraq yüksək templə inkişaf edir. Yerli turistlər regionlara daha çox səfər edir, xarici turistlər isə paytaxtımıza və digər səfalı şəhər və kəndlərimizə üstünlük verirlər. Yay mövsümündə region hotellərində təxminən 80 faiz doluluq müşahidə edilir və hər büdcəyə uyğun tur məhsulları və otel təklifləri mövcuddur.

Yay mövsümündə xüsusilə Qarabağ istiqamətinə yerli turistlərin marağı böyükdür. Bununla yanaşı, digər bölgələrimizə – təbiəti və füsunkar mənzərələri ilə seçilən dilbər guşələrə də turist axını proqnozlaşdırılır. Son illərdə alternativ turizm növləri də daha aktual hal alıb və turistlər tərəfindən praktik şəkildə istifadə olunmağa başlanılıb. Dağ yürüşləri və kənd, yaşıl turizm istiqamətləri xüsusilə gənc səyahətsevərlərin marağını cəlb edir. Əsasən cənub, şimal və şimal-qərb bölgələrinə səfərlər təşkil olunur.

Yay mövsümündə üzləşilən əsas çətinliklərdən biri regionlara aparan yolların təmir işlərinin məhz bu mövsümə təsadüf etməsidir. Bu da həm turistlər, həm də nəqliyyat sistemi üçün çətinliklər yaradır. Eyni zamanda regionlarda xidmət sahəsində peşəkar personal çatışmazlığı hələ də aktual problem olaraq qalır. Bütün bu çətinliklərə baxmayaraq, bu ilin yay mövsümünə ölkə turizm sənayesinin təxminən 80%-i hazır vəziyyətdədir”.

Ayşən Vəli