Almaniya-Azərbaycan Xarici Ticarət Palatası (“AHK Azerbaijan”) və Azərbaycanın İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kiçik və orta biznesin (KOB) idarə edilməsində süni intellektin tətbiqinin genişləndirilməsinə istiqamətlənən birgə platformanın işə salınmasını planlaşdırır. Bu barədə SİA-ya “AHK Azerbaijan”dan məlumat verilib.
Qurumdan bildirilib ki, tərəflər həmçinin KOB-ların inkişafına və ikitərəfli tərəfdaşlığın gücləndirilməsinə dəstək, Azərbaycanda sahibkarlıq ekosisteminin dəstəklənməsi üçün qabaqcıl təcrübələrin mübadiləsi, biznes proseslərinin "yaşıl transformasiya"sı və rəqəmsallaşdırılmasının təşviqi, dialoq və qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün AHK üzvlərinin KOBİA nümayəndələri ilə müntəzəm görüşlərinin təşkili daxil olmaqla əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər.
"Biz əminik ki, bu təşəbbüslər Azərbaycan və Almaniya şirkətlərini daha da yaxınlaşdıracaq, KOB-ların inkişafı üçün yeni imkanlar açacaq. Eyni zamanda, etibarlı tərəfdaşlıq sayəsində innovasiyalara töhfə verəcək", - “AHK Azerbaijan”dan vurğulayıblar.