Azərbaycanda gömrük borcunun ödənilməsi üzrə məsul subyektlər dəqiqləşdirilir

13 İyun 2025 10:27 (UTC+04:00)

Azərbaycanda gömrük borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsi nəzərdə tutulur. SİA xəbər verir ki, bununla bağlı Gömrük Məcəlləsində dəyişiklik edilməsi təklif olunur.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında müzakirəyə çıxarılıb.

İclasda qeyd olunub ki, Gömrük Məcəlləsinin 148.3.4-cü maddəsinə görə, gömrük ödənişlərini etmək malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir. Məcəllənin 245.1-ci maddəsinə əsasən isə bəyannaməçi gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab edilir. Belə olduğu halda Məcəllənin “gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilər” müddəasının dəqiqləşdirilməsinə ehtiyac duyulur. Normaların qarşılıqlı təhlilindən də göründüyü kimi gömrük borcunu istənilən maraqlı şəxsin ödəməsi, bəyannaməçinin gömrük ödənişlərini ödəmək vəzifəsini istisna etmir, başqa sözlə bəyannaməçi gömrük borcunun ödənilməsinə görə məsul şəxsdir.

Gömrük bəyannaməsinin təsdiqi nəticəsində bəyan edən şəxsin üzərinə gömrük ödənişlərinin ödənilməsi öhdəliyinin qoyulduğunu, bu ödənişin ödənilmədiyi təqdirdə gömrük borcunun yarandığını, habelə beynəlxalq təcrübədə də hüquqi tənzimlənmənin “istənilən maraqlı şəxs” kimi qeyri-müəyyən deyil, “məsul olan istənilən şəxs” kimi məsuliyyəti özündə ehtiva edən ifadə ilə aparıldığını nəzərə alaraq Məcəllədə müvafiq dəyişikliklərin edilməsi zəruridir.

Beləliklə, qanun layihəsi gömrük borcunu istənilən maraqlı şəxsin deyil, hesablanmış gömrük ödənişləri üzrə borclu olan şəxsin və yaxud Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan (girov, bank qarantiyası, ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi, sığorta müqavilələri, üçüncü şəxsin zaminliyi, avans ödəmələr) istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslərin ödəməsini nəzərdə tutur.

Eyni qaydanın fiziki şəxslərin gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirməsi ilə əlaqədar yaranacaq gömrük ödənişlərinin ödənilməsinə də şamil olunması təklif olunur.

Qanun layihəsi ilə gömrük orqanlarının hesabladığı gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə gömrük borcunu borclu şəxsin ödəməsi prosesi tənzimlənəcək, şəxslərin gömrük və vergi qanunvericiliyinə riayət etməsi təmin ediləcək.