Yəməndə silahlı şəxs məsciddə insanlara atəş açıb, 9 nəfər həlak olub

8 İyun 2025 19:19 (UTC+04:00)

Yəmənin Əl-Beyda əyalətində yerləşən Qarn əl-Əsəd kəndində dəhşətli silahlı hücum baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, naməlum şəxs məscidə qumbara atıb və ardınca fərq qoymadan insanlara atəş açıb. Hadisə nəticəsində 9 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.

Hücum iyunun 7-də, axşam namazı vaxtı baş verib. Ölənlər arasında 12 yaşlı bir uşaq da var. Məlumata görə, silahlı şəxs psixi pozğunluqdan əziyyət çəkirmiş. Cinayətkar hadisədən təxminən bir saat yarım sonra saxlanılıb.

Qeyd edək ki, bu faciə müsəlmanların Qurban bayramını qeyd etdiyi günlərdə baş verib.