Heqset Los-Ancelesdə etirazların yatırılması üçün dəniz piyadalarının göndərilməsini mümkün hesab edib

8 İyun 2025 12:00 (UTC+04:00)

ABŞ müdafiə naziri Pit Heqset Los-Ancelesdə (Kaliforniya ştatı) qanunsuz immiqrantların deportasiyasına qarşı etirazların yatırılması üçün Dəniz Piyadaları Korpusunun hərbçilərinin göndərilməsini mümkün hesab edib. SİA xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

Pentaqon rəhbərinin sözlərinə görə, Los-Ancelesdə qanunsuz immiqrantları həbs edən ABŞ İmmiqrasiya və Gömrük Xidməti (ICE) əməkdaşları ilə etirazçılar arasında baş verən toqquşmalar ölkənin “milli təhlükəsizliyinə ciddi təhdid” təşkil edir.

“Müdafiə Nazirliyi dərhal Los-Ancelesdə federal hüquq-mühafizə orqanlarını dəstəkləmək üçün Milli Qvardiya göndərir. Əgər iğtişaşlar davam edərsə, Kemp-Pendlton bazasında yerləşdirilmiş Dəniz Piyadaları Korpusunun xidmətdə olan hərbçiləri də səfərbər ediləcək, onlar yüksək hazırlıq vəziyyətinə gətiriliblər”, – Heqset bildirib.