Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

7 İyun 2025 18:09 (UTC+04:00)

Baş Dövlət Yol Polisi İdarəsi yağış zamanı yollarda yaranan təhlükələrlə bağlı sürücülərə xəbərdarlıq edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, xəbərdarlıqda deyilir:

“Son günlər müşahidə olunan ani və intensiv yağışlar zamanı asfalt örtüyündə suyun qısa müddətdə toplanması nəticəsində nəqliyyat vasitələrinin hərəkəti zamanı ciddi təhlükələr yarana bilir. Belə hallarda yol səthində yaranan su təbəqələri sürücülər tərəfindən hər zaman vizual olaraq seçilmədiyindən, bu sahələrə daxil olan avtomobillərdə hidroplanlaşdırma (aquaplaning) – yəni, təkərlə yol arasındakı təmasın itməsi baş verir.

Qeyd olunan hal sürət yüksək olduqda daha təhlükəlidir. Belə şəraitdə edilən ani tormozlama və ya qəfil sükan manevri avtomobilin idarəetmədən çıxması və qəza ilə nəticələnə biləcək risklərin artmasına səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə hava şəraitini və yol örtüyünü nəzərə alaraq aşağıdakı qaydalara ciddi əməl etməyi tövsiyə edir:

- Yağışlı hava şəraitində hərəkət zamanı sürəti normadan artıq artırmamaq;

- Təkərlərin texniki vəziyyətinə – xüsusilə protektor dərinliyinə daim nəzarət etmək;

- Gölməçəyə daxil olduqda tormozdan istifadə etmədən sükanı sabit saxlamaq;

- Digər nəqliyyat vasitələri ilə ara məsafəsini artırmaq.

Unutmayın ki, görünməyən su təbəqələri yolda gözlənilməz təhlükələr yaradır. Hər bir sürücü hava və yol şəraitinə uyğun davranmaqla həm özünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməlidir”.