Gəncə Teatrının səhnəsində "Kukaraça" tamaşasının premyerası olub - FOTOLAR

7 İyun 2025 12:58 (UTC+04:00)

Gəncə Dövlət Milli Dram Teatrı ilə Gürcüstanın Ozurgeti Milli Dram Teatrının birgə layihəsi çərçivəsində Nodar Dumbadzenin "Kukaraça" əsərinin premyerası baş tutub. SİA xəbər verir ki, layihə hər iki teatr arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən hazırlanıb. Tamaşada gürcü və Azərbaycan aktyorları birgə səhnə alaraq, eyni dialoqları bölüşüblər.

“Kukaraça” – Nodar Dumbadzenin eyniadlı povesti əsasında səhnələşdirilmiş tamaşadır. Əsərin baş qəhrəmanı – Kukaraça ləqəbli Georgi Tuşuraşvili polis inspektoru vəzifəsində çalışır. Lakin o, tipik bir hüquq-mühafizə orqanı əməkdaşı deyil. Kukaraça insanlara qarşı səmimi, qayğıkeş münasibəti, ədalətə və vicdana əsaslanan davranışı ilə seçilir. Əsər mənəviyyat, insanlıq və fədakarlıq kimi ali dəyərləri ön plana çəkir.

Layihənin bədii rəhbəri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı, koordinatoru isə Gəncə Dövlət Milli Dram Teatrının aktyoru Yusif Cəfərovdur. Quruluşçu rejissor Gürcüstanın Əməkdar incəsənət xadimi, Ozurgeti Milli Dram Teatrının bədii rəhbəri və direktoru Vasili Ciqoqidze, quruluşçu rəssam Rustavi Teatrının baş rəssamı Lomqul Murusidze, səhnə tərtibatçısı Mirzə Mehdi, xoreoqraf isə Zeynəb Hüseynovadır.

Tamaşa izləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.