Arxeoloqlar Qvatemala cəngəlliklərində üç qədim şəhər tapıblar...

6 İyun 2025 19:25 (UTC+04:00)

Qvatemala cəngəlliklərində arxeoloqlar təxminən 3000 il əvvələ aid üç Maya şəhəri aşkar ediblər.

Tapıntılar arasında əcdadların heykəlləri, qurbağalar şəklində rəsmlər və qurbangahlar, məhsuldarlıq eləcə də yağış rəmzləri var.

Deməli, SİA-nın məlumatına görə, Qvatemala və Slovakiyadan olan arxeoloqlar qrupu Uaxactun layihəsi çərçivəsində Peten departamentinin cəngəlliklərində təxminən 3000 il yaşı olan üç qədim Maya şəhəri aşkar ediblər.

Yaşayış məntəqələri üçbucaq formasındadır, aralarındakı məsafə təxminən beş kilometrdir.

Onlar Orta Klassikdən əvvəlki dövrdə (e.ə. 1000-400) meydana çıxıb və Son Klassik dövrə qədər davam edib.

Qazıntıların mərkəzi yeri Los Abuelos şəhəri idi.

“Əcdadlar” mənasını verən ad, orada tapılan və əcdadların təsviri olduğu güman edilən kişi və qadın heykəlləri ilə əlaqələndirilir.

Bu şəhərdə astronomik kompleksin qalıqları, saxsı qablar, dəfnlər, qurbağa şəkilli qurbangah və yazıları açılmamış daş lövhə aşkar edilib.

İkinci şəhər Petnalda qırmızı, ağ və qara tonlarda freskaları olan 33 metrlik piramida tapılıb.

Üçüncü şəhər, Cambrayal, qədim kanallar sistemi ilə diqqəti çəkir. Alimlər hesab edirlər ki, qurbağa formalı qurbangahlar yağışı və məhsuldarlığı simvolizə edirdi və rituallarda istifadə olunurdu.

Əli Babayev