Ruslar bu il yay tətili üçün ancaq Türkiyə və Vyetnamı seçirlər...

6 İyun 2025 20:25 (UTC+04:00)

...Türkiyə bu yay rusiyalı turistlərin əsas istiqaməti olaraq qalır – sığortalı səyahətçilərin yarıdan çoxu ora getməyi planlaşdırır. Rusiya populyarlıq baxımından ikinci, Vyetnam isə gözlənilmədən üçüncü yerdə qərarlaşıb.

SİA-nın məlumatına görə, 2025-ci ilin yayında rusiyalı turistlər ən çox Türkiyədə istirahət edəcəklər - sığorta polisinin satışı ilə bağlı statistikanı təhlil etdikdən sonra İnqosstrax mütəxəssisləri belə qənaətə gəliblər.

Müştərilərin təxminən 51 faizi xüsusi olaraq oraya səfərləri üçün sığorta alıblar.

Rusiya özü ikinci yerdə qalıb, burada səyahət edənlərin 15 faizi tətilini məhz öz ölkəsində keçirməyi planlaşdırır, Vyetnam isə gözlənilmədən 4 faiz payla üçüncü yerdədir.

Məşhur istiqamətlər arasında Fransa, İtaliya və İspaniya da var.

Maraqlıdır ki, bir il əvvəl siyahı fərqli idi: o zaman ruslar daha çox Türkiyə (35 faiz), Misir (23 faiz) və BƏƏ-ni (12 faiz) seçirdilər.

Tayland və daxili turizm də ilk sıralarda idi. Bu yay ən az populyar istiqamətlər Efiopiya, Honq Konq, Liviya, Cənubi Afrika və Tayvan olub.

Ötən il “ekzotik autsayderlər” siyahısına Danimarka, Myanma, Keniya, Kamboca və Tunis daxil edilib.

Nazlı Almuradova