Türkiyə Rusiya və Ukraynanın müəyyən mərhələdə sammitlə bağlı razılığa gələcəyinə ümid edir. SİA xəbər verir ki, bu sözləri Türkiyə parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri Fuat Oktay “CNN Türk” telekanalının efirində deyib.
Onun sözlərinə görə, Moskva və Kiyev bu gün müharibənin dayandırılması təşəbbüsünə fərqli yanaşmalara malikdirlər. Ankara isə münaqişə tərəflərinin mövqelərindəki ziddiyyətləri mümkün qədər minimuma endirməyə çalışır.
İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının iki raundunu xatırladan F.Oktay deyib: “Ümid edirik ki, ümumi dil tapa biləcəyik”.
Parlament komissiyasının rəhbəri qeyd edib ki, Rusiya və Ukrayna Türkiyənin, onun lideri Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyinə inanır.