Ömrü uzadan sadə məhsullar...

5 İyun 2025 22:25 (UTC+04:00)

...Çay, giləmeyvə, tünd şokolad və alma xroniki xəstəliklər riskini azalda və uzunömürlülüyü təşviq edə bilər.

SİA-nın məlumatına görə, Böyük Britaniya, Avstriya və Avstraliya alimləri Nature Food jurnalında genişmiqyaslı araşdırma dərc etdirdikləri qənaətə gəliblər.

Mütəxəssislər 40-70 yaş arasında olan 120 min iştirakçını on ildən artıq müddət ərzində müşahidə edərək müəyyən ediblər ki, gündəlik 500 mq flavonoid qəbul etmək ölüm riskini 16 faiz, eləcə də ürək-damar, diabet və ağciyər xəstəlikləri riskini təxminən on faiz azaldır.

Flavonoidlər bitki qidalarında olan təbii bioloji aktiv maddələrdir: çay, giləmeyvə, meyvə, üzüm, şərab və şokolad.

Əvvəllər qan təzyiqini tənzimləməyə, xolesterol səviyyəsini azaltmağa və iltihabla mübarizə aparmağa kömək etdikləri bilinirdi.

Ancaq yeni araşdırma, vacib olanın təkcə doza deyil, həm də mənbələrin müxtəlifliyi olduğunu göstərən ilk tədqiqatdır. Müəlliflər vurğulayırlar ki, təkcə çay içmək kifayət deyil. Maksimum fayda əldə etmək üçün müxtəlif flavonoid tərkibli qidaları birləşdirmək yaxşıdır.

Rəngarəng meyvə və tərəvəzlər bədəni müxtəlif növ flavonoidlər və digər faydalı birləşmələrlə təmin edir. Buna görə elm adamları təkcə flavonoid istehlakını artırmağı deyil, həm də pəhriz müxtəlifliyini genişləndirməyi məsləhət görürlər.

Nazlı Almuradova