Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin etmək iqtidarındadır...

6 İyun 2025 00:16 (UTC+04:00)

...Qottingen (Almaniya) və Edinburq (Böyük Britaniya) Universitetlərindən olan beynəlxalq alimlər qrupu qida təhlükəsizliyi anlayışını kökündən dəyişdirə biləcək bir araşdırma dərc edib. ScienceAlert yazır ki, onların məlumatlarına görə, dünyada yalnız bir ölkə – Qayana öz əhalisini idxala ehtiyac olmadan bütün zəruri qida qrupları ilə tam təmin edə bilir.

SİA-nın məlumatına görə, “Nature Food” jurnalında dərc olunan araşdırma 186 ölkəni əhatə edib və yeddi əsas qida qrupu: taxıllar, tərəvəzlər, meyvələr, zülallar, süd məhsulları, yağlar və şəkərlər üzrə qidanın özünü təmin etmə səviyyəsini təhlil edib.

...Cənubi Amerikada kiçik bir dövlət olan Qayana bütün kateqoriyalarda özünü təmin edə bilən yeganə ölkə olub. Nəticələr baxımından ən yaxın olan Çin və Vyetnamdır ki, onlar yeddi kateqoriyadan altısında öz əhalisinin ehtiyaclarını ödəmək üçün kifayət qədər məhsul istehsal edirlər.

...Bununla belə, ümumi mənzərə narahatlıq doğurur:

-hər yeddi ölkədən yalnız biri ən azı beş qrupda özünü təmin etməyə nail olmuşdur;

-ölkələrin üçdə birindən çoxu özlərini yalnız bir və ya iki kateqoriyada təmin edir;

-Altı ölkə - Əfqanıstan, BƏƏ, İraq, Makao, Qətər və Yəmən heç bir qida qrupu üzrə özünü təmin edə bilmir.

Hətta iqtisadi birliklər çərçivəsində də vəziyyət müsbətə doğru dəyişmir.

Körfəz Əməkdaşlıq Şurası özünü yalnız ətlə təmin edir. Qərbi Afrika və Karib hövzəsinin iqtisadi blokları yalnız iki məhsul qrupunun ehtiyaclarını ödəyə bilir. Üstəlik, heç bir ittifaq əhalini tərəvəzlə tam təmin edə bilmir.

Alimlər vurğulayırlar ki, idxal əksər ölkələr üçün kritik qida mənbəyi olaraq qalır. Bununla belə, bir və ya iki ticarət tərəfdaşından asılılıq onları bazar və siyasi sarsıntılara qarşı son dərəcə həssas edir.

...Beynəlxalq ərzaq ticarəti və əməkdaşlıq sağlam eləcə də davamlı pəhriz üçün həyati əhəmiyyət kəsb edir. Bir ixracatçıdan həddən artıq asılılıq sistemi qeyri-sabit edir. Biz çevik və dayanıqlı təchizat zəncirləri qurmalıyıq.

Bunu Qottingen Universitetindən inkişaf iqtisadçı Jonas Stöhl deyir.

Mövcud geosiyasi gərginliklər və tarif müharibələri kimi tez-tez baş verən ticarət münaqişələri fonunda bu tapıntılar xüsusilə aktualdır. Tədqiqat açıq şəkildə göstərir ki, Qayanadan başqa heç bir ölkə təcrid olunmuş vəziyyətdə tam sağ qala bilməz.

Əli Babayev