"Makroiqtisadi kontekstdə deflyasiya ilə mübarizə aparılarkən ilk növbədə onun yaranma səbəbləri müəyyən edilir və bu səbəblər əsasında uyğun iqtisadi-siyasət alətləri tətbiq olunur. Əgər deflyasiyanın əsas səbəbi əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi və ya ümumi istehlak tələbinin aşağı səviyyədə olması ilə əlaqədardırsa, bu halda ekspansiv fiskal siyasət müvafiq cavab tədbiri kimi çıxış edir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.
Onun sözlərinə görə, belə siyasətin həyata keçirilməsi zamanı xüsusilə sosial xarakterli dövlət xərclərinin artırılması prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirilir: "Tədqiqatlar göstərir ki, sosial xərclərin artırılması istehlak bazarına daha əhəmiyyətli transmissiya effektinə malikdir. Bu, əsasən həmin xərclərin aşağı və orta gəlirli sosial qruplara yönəldilməsi ilə izah olunur; çünki bu qruplar tərəfindən əldə olunan vəsaitlərin əksəriyyəti yüksək ehtimalla yığım deyil, birbaşa istehlaka yönəldilir. Beləliklə, sosial xərclər vasitəsilə ümumi tələbin stimullaşdırılması deflyasiya ilə mübarizədə effektiv fiskal mexanizmlərdən biri hesab olunur.
Burada əsas məqsəd məhz istehlakın stimullaşdırılması və bu vasitə ilə ümumi iqtisadi aktivliyin artırılmasıdır. Bu kontekstdə, əgər hər hansı bir iqtisadiyyatda deflyasiya prosesi müşahidə olunursa, sosial xarakterli dövlət xərclərinin artırılması hökumətlər üçün mümkün siyasət alətlərindən biri kimi çıxış edir. Belə yanaşma, xüsusilə tələbin canlandırılması və iqtisadi durğunluğun aradan qaldırılması baxımından əhəmiyyətli hesab olunur"- deyə o əlavə edib.