"Nyukasl" 2025/26 mövsümündə Çempionlar Liqasında iştirak edəcək və UEFA-nın qaydaları səbəbindən üç sabiq futbolçusunu yenidən heyətinə qatmağı planlaşdırır. SİA xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb.
Belə ki, "sağsağanlar" Freyzer Forster, Tim Krul və Cek Alnvikə maraq göstərir. Bu üç qapıçı "Nyukasl" akademiyasında ən azı üç il keçirdiyi üçün UEFA qaydalarına əsasən "klubda yetişmiş" oyunçu statusuna malikdir.
UEFA-nın tələblərinə görə, Çempionlar Liqasına iştirak ərizəsində klubun akademiyasından çıxmış dörd futbolçunun yer alması mütləqdir.
Krul və Forster artıq "Luton" və "Tottenhem"i tərk ediblər və hazırda azad agentdirlər. Alnvik isə "Kardiff"lə müqaviləsinin son ilini keçirir.