Qvineya-Bisau Azərbaycanın enerji sahəsindəki təcrübəsinə maraq göstərir. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazovla Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim fəaliyyəti naziri Viriato Luis Soares Kassama arasında keçirilən görüşdə bildirilib.
Görüşdə Azərbaycanın neft-qaz və bərpa olunan enerji üzrə transsərhəd layihələri və “yaşıl enerji” potensialının inkişafı, eləcə də Qvineya-Bisaunun enerji təminatının yaxşılaşdırılması planları ilə bağlı fikir mübadiləsi aparılıb.
Qvineya-Bisaulu nazir Azərbaycanın enerji sahəsində zəngin təcrübəsinin ölkəsi üçün faydalı olacağını vurğulayıb. Neft-qaz, bərpa olunan enerji layihələrinin həyata keçirilməsi, enerji məsələlərinin tənzimləməsi istiqamətləri üzrə təcrübə və bilik mübadiləsi və kadr hazırlığına dəstək istiqamətlərində əməkdaşlığa maraq ifadə edilib. Bu xüsusda əməkdaşlıq əlaqələrinin qurulması üçün yol xəritəsinin hazırlanması, ekspertlər arasında görüşlərin və seminarların keçirilməsi barədə razılıq əldə olunub.