“Maral Əfsanəsi” nin təqdimatı - Uşaqlar üçün maraqlı və unudulmaz bir gün - FOTOLAR

4 İyun 2025 15:10 (UTC+04:00)

İlqar Yusufov adına Goradil tam orta məktəbin 3-cü sinf şagirdi Selcanxatun Həsənzadənin “Maral Əfsanəsi” adlı uşaq kitabının təqdimatı keçirildi. SİA-nın məlumatına görə, bu kiçik kitabçada yer alan “Maral əfsanəsi” bir məktəb essesinin nəticəsi olaraq ərsəyə gəlib. Selcanxatun ev tapşırığı olaraq yazdığı bu nağılda təsəvvür gücünü və yazı bacarığını göstərib.

Tədbir balaca oxucular üçün həm maraqlı, həm də maarifləndirici anlarla yadda qaldı. Balaca şagirdlərlə səmimi söhbət edən məktəbin direktoru Rəmziyyə Heydərova uşaqlara kitab oxumağın faydalarından danışaraq, onların həyatında kitabın yerini vurğuladı.

Rəmziyə xanım qeyd etdi ki, kitab oxumaq və kitabı sevmək vərdişi uşaqlara hələ kiçik yaşlardan aşılanmalıdır. Onun sözlərinə görə, kitab oxuma vərdişi uşağın yalnız biliklərini artırmır, həm də onun təfəkkürünü, təsəvvür gücünü və nitq qabiliyyətini inkişaf etdirir. Direktor əlavə etdi ki, “Kitabla dostluq insanın həyat yoluna işıq salır və bu dostluq uşaq yaşlarından başlanır. Bu kitab da məhz uşaqların kiçik yaşda oxuması və kitaba olan maraqlarının artması üçün gözəl bir vasitədir.” Onun fikrincə, bu kimi rəngarəng, maarifləndirici və əyləncəli nəşrlər uşaqlarda kitab sevgisinin formalaşmasında mühüm rol oynayır.

Sinf rəhbəri Pərvanə Abbasova bildirdi ki, müasir dövrdə uşaqlara kitabı sevdirmək ən vacib vəzifələrdən biridir. Bunun üçün həm biz müəllimlər, həm də valideynlər uşaqlara düzgün istiqamət verməliyik. Pərvanə müəllimənin sözlərinə görə, kitab oxumağı maraqlı və əlçatan bir fəaliyyətə çevirmək lazımdır.

Qeyd edək ki, “Maral Əfsanəsi” adlı bu kitab, azyaşlı uşaqlar üçün tərtib olunmuş nağılvari bir hekayədir. Əfsanədə mərhəmət, cəsarət və təbiət sevgisi kimi vacib dəyərlər ön plana çəkilir. Hekayənin baş qəhrəmanı olan Maral, oxucuları sehrli bir meşədə baş verən hadisələrlə tanış edir və uşaqlara xeyirxahlığın gücünü göstərir.

Təqdimat zamanı uşaqlara kitabdan parçalar səsləndirildi, rəngli illüstrasiyalarla dolu səhifələr nümayiş olundu. Bundan əlavə, kitabın balaca müəllifi tərəfindən imzalanmış nüsxələr uşaqlara hədiyyə edildi.

Tədbirin əsas məqsədi uşaqların mütaliəyə olan marağını artırmaq, onların təxəyyülünü inkişaf etdirmək və sehirlə dolu nağıl dünyasına səyahətə çıxarmaq idi. Gözəl atmosfer, səmimi ünsiyyət və uşaqların parlayan gözləri bu tədbirin uğurla həyata keçdiyini göstərdi.

“Maral Əfsanəsi” yalnız bir nağıl kitabı deyil, o həm də uşaqlara təbiətə sevgi və bağlılıq aşılayır. Bu təqdimat, müəllifinə və balaca oxucular üçün unudulmaz xatirəyə çevrildi.