"Görüş təkcə dostluq və qardaşlıq münasibətlərinin nümayişi deyil" - MÜNASİBƏT BİLDİRİLDİ

4 İyun 2025 13:06 (UTC+04:00)

"Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında baş tutan son görüşü həm simvolik, həm də strateji baxımdan tarixi bir hadisədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, üç qardaş və strateji müttəfiq ölkənin dövlət başçılarının görüşünün Azərbaycan Respublikasının Müstəqillik Günü – 28 Mayda keçirilməsi bu zirvə toplantısına xüsusi məna və rəng qatmışdır: "Bu görüş təkcə dostluq və qardaşlıq münasibətlərinin nümayişi deyil, həm də regionda baş verən proseslərə dair mühüm mesaj xarakteri daşıyırdı. Laçının seçilməsi isə xüsusi simvolizm daşıyır: vaxtilə Qarabağa giriş nöqtəsi kimi istifadə olunan və uzun illər işğal altında qalmış bu ərazidə keçirilən görüş, əslində, həm regional güclərə, həm də dünya ictimaiyyətinə açıq mesaj idi.

Zirvənin mesajı ondan ibarət idi ki, Türkiyə və Pakistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və bu dəstəyin davamlı olacağını bəyan edirlər. Ermənistanın silahlandırılması və təxribatçı hərəkətlərinə qarşı bir xəbərdarlıq olan bu görüş, həm də regionda sülhün və sabitliyin tərəfdarı olan üç ölkənin birliyini nümayiş etdirdi".

"Toplantıda münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, əlaqələrin genişləndirilməsi və xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə razılaşmalar əldə edildi. Bu, bir daha sübut etdi ki, Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər təkcə dostluqla məhdudlaşmır, həm də çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsindədir.

Nəticə etibarilə, 28 Mayda – Müstəqillik Günündə baş tutan bu görüş Azərbaycan diplomatiyası və regiondakı mövqeyi baxımından olduqca uğurlu və tarixi əhəmiyyətə malik bir hadisədir" - deyə o, əlavə edib.