"Abituriyent özünü təkcə imtahana deyil,..." - MÜNASİBƏT BİLDİRİLDİ

4 İyun 2025 11:05 (UTC+04:00)

“İmtahan stresinin əsas səbəbləri arasında yüksək gözləntilər, uğursuzluq qorxusu, gələcəklə bağlı qeyri-müəyyənlik və bəzən də valideyn və ya müəllim təzyiqi yer alır. Abituriyent özünü təkcə imtahana deyil, həm də bir növ “həyat sınağına” hazırlaşdırdığını hiss edir. Bu isə onun üzərində böyük bir psixoloji yük yaradır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.


Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Bu stresi idarə etmək üçün ilk növbədə şəxsi resurslara güvənmək vacibdir. Yəni şagird öz gücünü, bacarıqlarını və keçmiş uğurlarını xatırlamalıdır. Onun özünə inamı yüksəlməlidir.

İkinci vacib amil düzgün planlama və zaman bölgüsüdür. Çox zaman stress hazırlıq prosesində qarışıqlıq və vaxt çatışmazlığı ilə daha da artır. Ona görə abituriyentlərə məsləhət görürəm ki, sadə, real və mərhələli plan tərtib etsinlər. Yəni, “bütün fənləri eyni gündə öyrənməliyəm” təzyiqindən uzaq dursunlar.

Üçüncüsü, bədən və zehn arasında balans yaratmaq vacibdir. Sağlam yuxu rejimi, fiziki hərəkət, qidalanma və nəfəs məşqləri stressi azaltmaqda çox kömək edir. Eyni zamanda, relaksasiya texnikaları – məsələn, dərin nəfəs alma, meditasiyalar və ya sadə vizualizasiyalar – abituriyentə sakitləşmək üçün faydalıdır.

Dördüncüsü, emosional dəstək mühümdür. Valideynlər və müəllimlər abituriyenti daim nəticə ilə deyil, onun zəhməti və irəliləyişi ilə motivasiya etməlidirlər. “Əsas odur ki, çalışırsan”, “Əlindən gələni etdin” kimi ifadələr abituriyent üçün çox dəyərlidir. Nəhayət, mükəmməllik təzyiqindən azad olmaq da vacibdir. Uğursuzluq dünyanın sonu deyil. Hər insanın həyatda fərqli yolları və zamanlaması var. İmtahan nəticəsi bir insanın dəyərini müəyyənləşdirmir”.

Ayşən Vəli