Qurban əti necə saxlanmalıdır? - VACİB FAKTLAR

3 İyun 2025 16:57 (UTC+04:00)

Qurban əti necə saxlanmalıdır? SİA xarici KİV-ə istinadən qurban ətini xarab olmadan qorumağın 6 təsirli üsulunu təqdim edir:

Qurban ətinin dadlı və sağlam şəkildə istehlak olunması üçün düzgün saxlanma şərtlərini bilmək vacibdir. Qurban bayramı yaxınlaşdıqca bir çox ailədə qurban əti ilə bağlı hazırlıqlar başlayıb. Lakin ətin kəsilməsi qədər düzgün şəkildə saxlanılması da böyük əhəmiyyət daşıyır. Yanlış saxlanılan ətlər həm qida dəyərini itirir, həm də sağlamlıq baxımından təhlükə yarada bilər.

Bəs qurban əti necə saxlanmalıdır? Ətin təzəliyini qorumaq üçün diqqət edilməli olan əsas məqamları təqdim edirik:

1. Qurban əti dərhal istehlak edilməməlidir

Mütəxəssislər bildirirlər ki, kəsilən qurban əti dərhal yeyilməməlidir. Ət kəsildikdən sonra "ölüm sərtliyi" adlanan mərhələdən keçməlidir. Bu mərhələ təxminən 5-6 saat davam edir. Ət soyuducuya qoyulmadan əvvəl sərin və gigiyenik bir mühitdə ən azı 5 saat dinlənməlidir. Bu, həm dad, həm də həzm baxımından önəmlidir.

2. Əti hissələrə bölərək saxlayın

Əti iri parçalarla saxlamaq həm yer baxımından çətinlik yaradır, həm də dondurucuda donma müddətini uzadır. Ona görə də əti mümkün qədər porsiyalar halında saxlamaq, qida üçün uyğun torbalara və ya vakum qablarına yerləşdirmək tövsiyə olunur.

3. Soyuducuda qısa müddətli saxlama

Qurban ətini 0-4 dərəcə arasında olan soyuducuda 1-2 gün təhlükəsiz şəkildə saxlamaq mümkündür. Bu müddətdə istehlak olunacaq ətlərin sadəcə soyuducuda qalması kifayətdir. Lakin daha uzun müddətli saxlama üçün dərin dondurucu seçilməlidir.

4. Dərin dondurucuda saxlanma müddəti

Qurban əti -18 dərəcədə olan dərin dondurucuda 6-12 ay ərzində təhlükəsiz şəkildə saxlanıla bilər. Amma bu müddət ərzində əti dondurub yenidən dondurmamaq çox vacibdir. Çünki donu açılmış ətin təkrar dondurulması həm bakteriya yaranmasına səbəb olur, həm də ətin teksturasını pozur.

5. Donu açma prosesi necə olmalıdır?

Dondurulmuş ətin donunu açmaq üçün ən təhlükəsiz üsul, onu soyuducu şəraitində yavaş-yavaş əridilməsidir. Əti otaq temperaturunda və ya isti suda əridmək bakteriya çoxalmasına səbəb ola bilər. Bu səbəblə qəfil temperatur dəyişikliyindən qaçınmaq vacibdir.

6. Gigiyena və qablaşdırma çox önəmlidir

Ətin saxlanılmasında istifadə olunan torba, qab və ya vakuumlu ambalajların qida üçün uyğun olması lazımdır. Ətin hava ilə təmasının minimum səviyyədə olması, onun daha uzun müddət təzə qalmasına imkan verir. Qurban bayramında ətin sağlam və dadlı şəkildə qorunması üçün bu 6 üsula əməl etməyi unutmayın.

Müəllif: Günel Fərzəliyeva