"Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar" - DİETOLOQ AÇIQLADI

3 İyun 2025 10:34 (UTC+04:00)

"Arıqlamaq istəyən insanlar tez nəticə əldə etmək ümidi ilə müxtəlif dietalara əl atır və ya mədəkiçiltmə əməliyyatlarına müraciət edirlər. Lakin bu üsulların çox zaman uzunmüddətli fəsadları olur. Orqanizmin sağlamlığına zərər vermədən, dayanıqlı şəkildə çəki itirmək üçün düzgün və balanslı yanaşma vacibdir". Bu sözləri SİA-ya açıqlamasında həkim-dietoloq Ləman Süleymanova deyib.

Onun sözlərinə görə, ilk növbədə insanlar qidalanma vərdişlərini dəyişməlidirlər. Sürətli nəticə vəd edən dietalar bədəndə maddələr mübadiləsini poza və sağlamlıq problemlərinə səbəb ola bilər. Bunun əvəzinə gündəlik rasionda zülal, lif, faydalı yağlar və kompleks karbohidratların balansına diqqət yetirilməlidir: "Şəkərli və qazlı içkilərdən, eləcə də çox işlənmiş hazır məhsullardan uzaq durmaq tövsiyə olunur. Eyni zamanda porsiya ölçülərinə diqqət yetirmək və həddindən artıq yeməkdən çəkinmək vacibdir. Fiziki aktivlik də arıqlama prosesində mühüm rol oynayır. İnsanlar gündəlik həyatlarında hərəkəti artırmalı, ən az 30 dəqiqə piyada gəzməyə, pilləkən çıxmağa və ya yüngül idman hərəkətləri etməyə çalışmalıdırlar. İdman təkcə kalori yandırmağa deyil, həm də əhval-ruhiyyənin yaxşılaşmasına və ümumi sağlamlığın qorunmasına kömək edir. Bundan əlavə, yuxu rejimi və stress səviyyəsi də çəkiyə təsir göstərir. Gec yatmaq və az yatmaq hormon balansını pozaraq iştahın artmasına səbəb ola bilər. Stress zamanı isə insanlar emosional yeməyə meyilli olurlar. Buna görə də, kifayət qədər yatmaq və stressi idarə etməyi öyrənmək arıqlama prosesində vacibdir. Nəticə olaraq, arıqlamaq istəyən insanlar qısamüddətli və riskli yollar əvəzinə, sağlam və balanslı həyat tərzinə üstünlük verməlidirlər. Bu, həm onların çəkilərini nizamlamağa, həm də ümumi sağlamlıqlarını qorumağa kömək edəcək".