Cənubi Koreyada prezident seçkisi keçirilir

3 İyun 2025 08:05 (UTC+04:00)

Cənubi Koreyada prezident seçkisi keçirilir. SİA xəbər verir ki, yerli vaxtla saat 06:00-da 14 min 295 seçki məntəqəsində səsvermə başlayıb. Ölkə üzrə 44 milyon 390 min seçici var. Səsvermə hüququ olanların sayı 2022-ci ildəki prezident seçkisi ilə müqayisədə 195 minə yaxın artıb. Qadın seçicilərin sayı kişilərə nisbətdə cüzi üstünlük (1 faiz) təşkil edir. Ən çox seçici Kyonqgi vilayətində (26,4 faiz) və paytaxt Seulda (18,7) qeydiyyatda olan vətəndaşlardır. Səsvermə saat 20:00-dək davam edəcək.

Seçicilərin 34,74 faizi mayın 29-30-da keçirilmiş erkən səsvermədə səs verib.

Cənubi Koreya tarixində 21-ci dəfə keçiriləcək prezident seçkisində qalib olmaq üçün 6 nəfər mübarizə aparır. Onlar arasında əsas müxalif qüvvə olan Demokratiya Partiyasının namizədi Li Ce Myun və hakim Xalqın Gücü Partiyasının namizədi Kim Mun Su daha şanslı hesab olunur. Son sorğulara əsasən, seçicilərin 49 faizi əsas müxalifətin, 37 faizi isə hakim partiyanın namizədini dəstəkləyir.

Qeyd edək ki, Cənubi Koreyanın sabiq dövlət başçısı Yun Sok Yolun impiçment yolu ilə vəzifədən uzaqlaşdırılmasından sonra iyunun 3-nə prezident seçkiləri təyin olunub.