Azərbaycan xalçaları İtaliyada sərgilənib

27 May 2025 19:00 (UTC+04:00)

İtaliyanın Kassine qəsəbəsindəki “Palazzo Guerrina” Mədəniyyət Mərkəzində “Qarabağdan İtaliyaya: Azərbaycan xalçası” adlı sərgi açılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının üzvü, xalça sənətkarı Elnarə Rəsulovanın şəxsi kolleksiyasına daxil olan Qarabağ xalçaları və müəllifi olduğu digər xalçalar ilk dəfə İtaliya ictimaiyyətinə təqdim olunub. Bu xalçalar sərgidə yalnız sənət əsəri deyil, həm də mədəniyyətin daşıyıcısı və yaddaşın qoruyucusu kimi təqdim edilib.

Rənglərin, naxışların və ilmələrin dili ilə danışan bu nadir eksponatlar Azərbaycan xalqının tarixini və ruhunu əks etdirir. Eyni zamanda, Azərbaycan mədəni irsinin sərhədləri aşaraq qlobal miqyasda təqdim olunması istiqamətində mühüm addımlardan biridir.

Sərgi Azərbaycan Diasporuna Dəstək Fondu, “SƏN1SƏN” beyin mərkəzi, Kassine Bələdiyyəsi və bir sıra şirkətlərin dəstəyi ilə baş tutub.

Qeyd edək ki, Azərbaycanın zəngin mədəni irsinin və incəsənətinin, o cümlədən xalçaçılığın təbliği ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından vacib əhəmiyyət daşıyır.