ADPU-nun qəbul planı artıb-yeni tədris ilində 2705 tələbə qəbul ediləcək

27 May 2025 18:32 (UTC+04:00)

Mayın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının növbəti iclası keçirilib.

SİA-nın məlumatına görə, ADPU-dan bildirilib ki, iclası Elmi şuranın sədri, ADPU-nun rektoru professor Cəfər Cəfərov açaraq universitet daxilində icra olunan layihə və tədbirlər, əldə edilən nailiyyətlər barədə məlumat verib.

Rektor diqqətə çatdırıb ki, ali təhsil müəssisələri arasında ilk dəfə ADPU-da keçirilən “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin II mövsümünün bağlanış və mükafatlandırma mərasimi olub, “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qalibləri mükafatlandırılıb, universitetdə Xüsusi Təhsil İşçilərinin I Beynəlxalq Forumu keçirilib, Türkiyə və Özbəkistanın ali təhsil müəssisələrinin təmsilçiləri universitetdə olublar.

Professor Cəfər Cəfərov ADPU-nun bakalavriat səviyyəsi üzrə təsdiq olunmuş qəbul planını Şura üzvlərinə təqdim edib. Qeyd olunub ki, növbəti tədris ili üçün Pedaqoji Universitetə ayrılmış plan yerlərinin sayı 2705-dir. Yeni tədris ilində 7 ixtisasda ingilis bölməsi, 11 ixtisasda rus bölməsində kadr hazırlığı davam etdiriləcək.

Daha sonra Tədris departamentinin direktoru dosent Sənan Əliyev 2024-2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələr barədə təqdimatla çıxış edib. S.Əliyev qeyd edib ki, yaz semestrinin imtahan sessiyası iyunun 2-dən iyulun 4-dək keçiriləcək. Sessiyada 9344 bakalavr, 585 nəfər magistrant olmaqla ümumilikdə 10 min nəfərədək təhsilalanın iştirakı gözlənilir. Bakalavriat səviyyəsi üzrə Buraxılış Yekun Dövlət Attestasiyalarının 23-24 iyunda, magistratura səviyyəsi üzrə isə 16-30 iyunda keçirilməsi nəzərdə tutulur. Hazırda imtahan sessiyasına hazırlıq işləri yekunlaşmaq üzrədir.

Sonra Şura işini cari məsələlərin müzakirəsi ilə davam etdirib. Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Təhsildə menecment və yeni təlim texnologiyaları” Magistrantların VIII Respublika Elmi Konfransının materiallarının nəşrinə icazə verilməsi, Tədris departamentinin direktoru dosent Sənan Əliyev dərs vəsaitlərinin nəşrinə icazə verilməsi barədə, elmi katib Nərminə Abdullayeva isə Kimya və biologiya fakültəsində, Şamaxı və Cəlilabad filiallarında yeni ixtisasların açılması ilə əlaqədar işçi qrupunun yaradılması barədə təkliflərlə çıxış edib.

Sonda təklif edilən məsələlər səsə qoyularaq qəbul olunub.