İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir:
"Zati-aliləri.
Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə səmimi-qəlbdən təbriklərimi, Azərbaycan Respublikasına və onun xalqına davamlı tərəqqi və firavanlıq arzularımı çatdırıram.
Fürsətdən istifadə edərək, İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycana əsas üzv dövlət kimi verdiyi əhəmiyyəti bir daha təsdiqləyir, ölkənizin təşkilatın iqtisadi gündəliyinin təşviqinə əvəzsiz töhfələrini yüksək dəyərləndirirəm.
Bu kontekstdə, Sizin rəhbərliyinizlə Azərbaycanın ev sahibliyi edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü xüsusi əhəmiyyət kəsb edir. Əminəm ki, Sizin dəstəyinizlə Zirvə görüşü daha geniş regional inteqrasiya baxımından irəliyə doğru böyük bir addım olacaqdır.
Ortaq məqsədlərimizə nail olmaq üçün davamlı dəstəyinizə ümid edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".