"Moda sadəcə geyim deyil, bir ifadə formasıdır" - AYDINLIQ GƏTİRİLDİ

27 May 2025 16:07 (UTC+04:00)

"Azərbaycanda moda sahəsi son illərdə sürətlə inkişaf edir". Bu sözləri SİA-ya açıqlamasında modelyer Səkinə Əliyeva deyib.

O bildirib ki, əvvəlki illərlə müqayisədə artıq hər kəsin özünəməxsus dəst-xətti formalaşmağa başlayıb: "Keçirilən nümayişlər və orada təqdim olunan geyimlər də bunu aydın şəkildə sübut edir. Bu yaxınlarda keçirilən Moda Həftəsi də bunun bariz nümunəsidir – tədbir yüksək səviyyədə təşkil olunmuşdu və təqdim olunan kolleksiyalar zövq oxşayırdı.

Bəzi moda evlərində gənc modelyerlərin eskizləri əsasında hazırlanan geyimləri böyük maraq və məmnuniyyətlə izlədim. Bu, məni çox sevindirdi. Çünki artıq Azərbaycanda moda sənayesinin öz yerini tutmağa başladığını və bu sahədə real inkişafın getdiyini görmək mümkündür. Belə tədbirlər – xüsusən də moda müsabiqələri və kolleksiya təqdimatları – cəmiyyətimizdə zövq formalaşdırmaqda mühüm rol oynayır. Biz inkişaf edirik və bu inkişafın davamlı olacağına ümid böyükdür.

Bəziləri deyir ki, biz sadəcə trendləri təkrarlayırıq. Amma gəlin buna belə baxaq: necə ki, musiqidə cəmi yeddi not var və dünyadakı bütün musiqilər bu notlar üzərində qurulursa, eyni ilə modada da vəziyyət oxşardır. Mövcud trendlər və dünya kolleksiyaları əsasında yeni ideyalar formalaşdırmaq, onları dəyişərək, özünəməxsus formada təqdim etmək – bu yaradıcılığın və inkişafın əsl sübutudur.

Modada bir ideyanı olduğu kimi təkrarlamaq deyil, onu yeni bir yanaşmayla ifadə etmək əsasdır. Çünki hər kəs eyni bir ideyaya fərqli baxışla yanaşır, fərqli düşünür və onu öz daxili dünyası ilə yoğuraraq ortaya yeni bir iş çıxarır. Geyim sənətində də bu fərdi baxış və yaradıcılıq öz əksini tapır. İncəsənət sahələri bir-biri ilə sıx bağlıdır. Moda, musiqi, poeziya, rəssamlıq – hamısı bir-birini tamamlayır və birlikdə gözəl bir ahəng yaradır. Bu ahəng isə bizim mədəni və estetik dünyamızın zənginliyini göstərir".

Müəllif: Günel Fərzəliyeva