"Möhtəşəm turnirin ölkəmizdə keçirilməsi çox gözəl hadisədir" - MÜSAHİBƏ

27 May 2025 15:50 (UTC+04:00)

Mini futbol üzrə U-23 komandasının və "AzNur" komandasının baş məşqçisi Rəcəb Fərəczadənin SİA-ya müsahibəsini təqdim edirik:

- Rəcəb bəy, bildiyiniz kimi, ölkəmiz növbəti dəfə möhtəşəm bir şəkildə beynəlxalq yarışa ev sahibliyi edir. Mini futbol üzrə dünya çempionatına ev sahibliyini bu il Azərbaycan edir. Ümumiyyətlə, ölkəmizdə keçirilən bu yarışla bağlı ümumi fikirlərinizi öyrənmək istəyərdim.

- Ümumi fikrim ondan ibarətdir ki, bu möhtəşəm turnirin ölkəmizdə keçirilməsi çox gözəl hadisədir. Yəni indiki dövrə qədər biz müşahidə etsək, ölkəmiz bir çox idman oyunlarına ev sahibliyi edib. Bunlara Avropa çempionatının oyunlarını, Avropa Oyunları, Formula 1, İslam Həmrəyliyi Oyunları və başqa idman tədbirlərinə ev sahibliyini aid etmək olar. May ayının 21-indən etibarən başlayan mini futbol üzrə dünya çempionatı da bu yarışlara aiddir. Bu idman tədbirinin açılışı da çox möhtəşəm idi. Mən özüm də orada qonaq qismində iştirak edirdim və görürdüm ki, bu yarışın təşkilatçılığı çox yüksək səviyyədə idi. Yəni bir sözlə desək, hər şey möhtəşəm idi.

- Rəcəb bəy, əvvəllər həm futbolçu olduğunuz dönəmlərdə, həm də məşqçi olduğunuz vaxtlarda bir çox ölkələrdə səfərlərdə olmusunuz. Xarici ölkələrin idman tədbirlərinin təşkilatçılığı və Azərbaycanın təşkilatçılığı arasında nə kimi fərqliliklər var? Ümumiyyətlə, Bakıdakı mundial təşkilatçılıq baxımından sizin fikrinizcə necə təşkil olunub?

Bizim dövlətimiz, millətimiz, mentalitetimiz hər zaman başqalarından fərqlənir. Biz çox qonaqpərvər bir millətik və nə ediriksə, çalışırıq hər şeyi yüksək səviyyədə edək. Mən bir az əvvəl də vurğuladım ki, mən mundialın açılış mərasimində olanda, qonaqların içərisində olanda, xüsusən də xaricdən gələn qonaqlar çox təəccüblə açılışı seyr edir və zövq alırdılar. Yəni elə bir qüsur olmadı ki, onlar nəsə tapıb bir söz desinlər. Hamısı çox gözəl və möhtəşəm idi. Digər ölkələrin təşkilatçılığına gəldikdə isə onu deyə bilərəm ki, bu qədər möhtəşəm bir təşkilatçılıq çox az ölkədə ola bilər.

- Bəs sizcə, mini futbol üzrə dünya çempionatının ölkəmizdə keçirilməsi bu idman növünün inkişafına necə təsir göstərir?

Əlbəttə ki, çox müsbət təsir göstərir. Ümumiyyətlə, bizim ölkəmizdə mini futbola böyük maraq var. Biz baxsaq və görsək, mini futbol üçün hazırlanmış stadionlarda çox zaman yerlər dolu olur. Həm oynamaq, həm də azarkeş baxımından bunu qeyd edə bilərəm. Saat altıdan on birə qədər stadionlar tamamilə dolu olur və yerlər çox az olur. Hamısı da bu idman növünü sevir, hamısı oynayır. Gələcəkdə istəyərdik ki, daha çox belə stadionlar olsun ki, uşaqlar, gənclər, yeniyetmələr oynaya bilsinlər.

- Yəqin ki, siz də bilirsiniz ki, mini futbol peşəkarlıqdan daha çox, yəni həvəskar səviyyədə məşğul olunan bir idman növüdür. Sizcə, bunu peşəkar səviyyəyə gətirmək üçün daha nə kimi işlər görülməlidir?

Mən düşünürəm ki, sırf həvəskar oyun olduğuna və bəlkə də futzala yaxın olduğuna görə peşəkar səviyyəyə gətirilməyib. Amma bu idman növünü peşəkar səviyyəyə qaldırsalar, çox gözəl olar. UEFA-nın, FİFA-nın tərkibində olsa, Olimpiya oyunlarına daxil edilsə, mənim fikrimcə, daha gözəl olar.