Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında Müstəqillik gününə həsr olunmuş konsert proqramı keçirilib. SİA xəbər verir ki, konsert Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 107-ci illiyi münasibətilə keçirilib.
Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi və Azərbaycan Xalq Cumhuriyyəti qurucularının, Ulu Öndər Heydər Əliyevin, Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Azərbaycan Xalq Cümhuriyyətini yaranması ilə əlaqədar video çarx nümayiş edilib.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlı videoçarxda Xalq Cümhuriyyəti dövründə həyata keçirilən mühüm tədbirlər barədə məlumatların nəzərə çatdırıldığını bildirib: "Hamımız bilirik ki, Azərbaycan Xalq Cümhuriyyəti çətin, mürəkkəb şəraitdə meydana gəldi. 1917-ci il fevral inqilabından sonra Zaqafqaziyada Zaqafqaziyanın idarəsi üzrə xüsusi Komitə və həmin ilin noyabrında Zaqafqaziya Komissarlığı yarandı. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı dövrdən onu yaradan fədailər, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla Cümhuriyyətin yaranması üçün bütün imkanlarını səfərbər edərək hər bir çətinliyi aradan qaldırdılar".
Daha sonra Azərbaycan Dövlət Tarix muzeyinin direktor müavini, tarix elmləri doktoru cənab Fəhrad Cabbarov çıxış edib. O hər kəsi Azərbaycan tarixində ən böyük bayramlardan biri olan Müstəqillik bayramı münasibətilə ürəkdən təbrik edib: "Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, müstəqillik hər bir xalqın ən böyük nailiyyəti, sərvətidir. Ona görə də, bu gün 28 May Müstəqillik Günü bizim ən əziz bayramımızdır".
Tədbir proqramı rəsmi hissədən sonra bədii hissə ilə sona çatıb.