Məlumdur ki, dünən məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı icra olundu. SİA mövzu ilə bağlı gənclər təşkilatları arasında sorğu edərək onların fikirlərini öyrənib.
"İnnovasiya Könüllüləri" İctimai Birliyinin baş katibi Təhmasib İmaməliyev: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 may 2025-ci il tarixli əfv sərəncamı ölkəmizdə hüquqi dövlət quruculuğu, humanizm və ədalət prinsiplərinin təmin olunması istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilə bilər. Sərəncamda əhatə olunan şəxslər müxtəlif yaş qruplarını və sosial təbəqələri təmsil etməklə yanaşı, həm yerli, həm də xarici ölkə vətəndaşlarını əhatə edir. Əfv tədbiri zamanı məhkumların törətdikləri cinayətlərin xarakteri, cəza müddətində nümayiş etdirdikləri davranış, habelə onların ailə vəziyyəti və sosial reinteqrasiya potensialı diqqətlə nəzərə alınmışdır.
Azərbaycan Respublikasının gənc vətəndaşı kimi qeyd olunan əfv sərəncamını yüksək dəyərləndirir, onu dövlətimizin humanizmə və insan hüquqlarının qorunmasına verdiyi əhəmiyyətin bariz təzahürü kimi görürəm. Bu qərar, cəza çəkmiş şəxslərin cəmiyyətə yenidən qazandırılması, onların sosial adaptasiyasının və hüquqa hörmət ruhunda fəaliyyətlərinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Əminik ki, əfv olunan şəxslər bu humanist addımı layiqincə qiymətləndirəcək, hüquq qaydalarına riayət edərək cəmiyyətə yararlı və məsuliyyətli vətəndaşlar olacaqlar".
"İnnovasiya Könüllüləri" İctimai Birliyinin protokol məsələləri üzrə koordinatoru Rafiq Süleymanlı: "Əfv sərəncamı Prezidentin humanistlik prinsiplərinə əsaslanaraq verdiyi mühüm qərarlardan biridir. Bu sərəncam cəmiyyətdə ədalət, mərhəmət və ikinci şans ideyalarının təcəssümüdür. Əfv olunan şəxslərə yeni həyat qurmaq üçün imkan yaradılır. Prezidentin bu addımı dövlətin vətəndaşlara qarşı məsuliyyətini və qayğısını göstərir. Əfv sərəncamı həm də cəmiyyətin mənəvi dəyərlərinə hörmətin bir nümunəsidir. Bu, insan hüquqlarının qorunmasına və sosial ədalətin təmin olunmasına töhfə verir. Əfv olunanların ailələri üçün bu sərəncam böyük sevinc və ümiddir. Lakin eyni zamanda bu qərarın məsuliyyətlə və hüquqi əsaslarla verilməsi vacibdir. Cəmiyyət bu addımları diqqətlə izləyir və ədalət hissi ilə qiymətləndirir. Prezidentin əfv siyasəti cəmiyyətin barış və birlik yolunda inkişafına xidmət edir. Əfv olunanlar isə bu şansı düzgün dəyərləndirərək cəmiyyətə faydalı olmağa çalışmalıdır. Belə qərarlar dövlətin humanist siyasətinin bariz nümunəsi kimi qiymətləndirilir".
BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə sədri Aycan Eyvazlı: "Prezidentin Əfv sərəncamı dövlətin humanist dəyərlərə və hüquqi ədalət prinsipinə sadiqliyini nümayiş etdirir. Bu qərar cəzalandırma deyil, islahetmə və yenidən cəmiyyətə qazandırma məqsədi daşıyan yanaşmanı önə çıxarır. Bir gənc kimi düşünürəm ki, bu addım insanlara həyatlarını yenidən qurmaq fürsəti verir və cəmiyyətdə tolerantlıq mühitini gücləndirir. Əfv edilən şəxslər üçün bu qərar həm psixoloji, həm də sosial baxımdan yenidən doğuluş deməkdir. Belə təşəbbüslər dövlətin vətəndaşlara olan qayğısını və məsuliyyət hissini əks etdirir. Bu proses, xüsusilə gənclər arasında hüquq-mühafizə orqanlarına və ümumilikdə ədalət sisteminə olan etimadı artırır".
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının İctimaiyyətlə əlaqələr üzrə sədr müavini Cavad İsmayılzadə: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin humanist siyasətinə uyğun olaraq imzalanmış Əfv sərəncamı dövlətimizin hüquqi ədalətə, insan hüquq və azadlıqlarına verdiyi yüksək dəyərin təzahürüdür. Bu mühüm sənəd, cəzanın yalnız repressiv deyil, eyni zamanda reabilitasiyaedici funksiyasını özündə ehtiva etməklə, cəmiyyətə faydalı fərdlərin geri qayıdışını təşviq edən sistemli və məsuliyyətli yanaşmanı nümayiş etdirir.
Gənc nəsil olaraq biz bu qərarı dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyan bir addım kimi qiymətləndiririk. Əfv olunan şəxslər üçün bu, sadəcə hüquqi qərar deyil, həm də mənəvi yenilənmə və sosial reinteqrasiya baxımından ikinci şans anlamına gəlir. Bu tip təşəbbüslər Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən inklüziv və vətəndaşyönlü dövlət siyasətinin tərkib hissəsi olmaqla yanaşı, hüquq-mühafizə və ədalət sisteminə olan ictimai etimadın möhkəmləndirilməsinə xidmət edir. Bu, həmçinin Azərbaycanın beynəlxalq səviyyədə hüquqi dövlətdən irəli gələn öhdəliklərinə sadiqliyini də bir daha təsdiq edir"
Ayşən Vəli