Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi arasında maliyyə bazarı iştirakçılarının monitorinqi mexanizmlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov “X” sosial şəbəkəsində yazıb..
“Qazaxıstanda işgüzar səfər çərçivəsində bu ölkənin Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımova ilə görüşdük. Maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində vacib məsələlərin müzakirəsindən sonra qurumlarımız arasında Anlaşma Memorandumu imzaladıq”, - deyə T. Kazımov bildirib.
Memorandum çərçivəsində nəzərdə tutulan əsas istiqamətlər bunlardır:
- Maliyyə bazarının vəziyyəti və inkişafı, tənzimlənmə və nəzarət standartları, həmçinin innovativ mexanizmlər üzrə qarşılıqlı səfərlərin təşkili;
- Bazar iştirakçılarının fəaliyyətinə nəzarət və monitorinq mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də istehlakçıların və investorların hüquqlarının müdafiəsi sahəsində təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi;
- Təcrübə mübadilələri, təlim və seminarların təşkili, birgə tədqiqat və bilik mübadilələrinin təşkili.