"Toy mərasimi birlikdə yaşamağa halal başlanğıcdır" - AYDINLIQ GƏTİRİLDİ

27 May 2025 11:42 (UTC+04:00)

"Son 20 ildə milli və mənəvi dəyərlərdə ciddi deqeredasiya müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

O bildirib ki, bu prosesin səbəbləri çoxşaxəlidir və əsaslarından biri də Qərbin dünyaya ixrac etdiyi liberalizm ideologiyasıdır. Liberalizmlə birlikdə cəmiyyətlərə gətirilən əxlaqi və ailə normativlərinin pozulması, xüsusilə müsəlman şərq dünyasında, həmçinin Azərbaycanda sosial strukturda və ailə münasibətlərində ciddi təsirə malik olmuşdur.

Qərbin təbliğ etdiyi liberal dəyərlər ailə institutunu zəiflətdi, ənənəvi ailə anlayışını və milli-mənəvi dəyərləri təhdid etdi. Feminizm, LGBT ideologiyası və “üçüncü cins” kimi yeni anlayışlar, ənənəvi ailə modelinə qarşı çıxaraq, sosial normaları sarsıtdı. Bu cür dəyərlər xüsusilə müsəlman şərqində qarşıdurma yaratdı və burada ciddi mənfi təsirlərlə yadda qaldı.

Azərbaycan cəmiyyətində isə ənənəvi ailə modeli hələ də möhkəmdir və dəyərlərinə sadiqdir. Müsəlman-milli mənəviyyatımıza görə, gənclərin nikahdan əvvəl birlikdə yaşaması milli-əxlaqi prinsiplərə ziddir. Heç bir Azərbaycanlı ailə qızının nigahsız, toysuz bir kişi ilə yaşamasına razı olmaz. Bu, həm fərdi həm də ictimai hörmət məsələsidir.Dinimiz islamda da,bu əməl günah hesab edilir.

Təəssüf ki, bəzi hallarda gənclərin nikahdan əvvəl birgə yaşaması halları yayılır. Belə vəziyyətlərdə, məsələn, bir qız bir neçə ay ərzində fərqli şəxslərlə birlikdə yaşayıb, xasiyyət və davranış uyğunluğuna görə ayrılır. Bu cür hallar milli-əxlaqi norma və ailə institutuna zidd olduğu üçün, azərbaycanlı ailələr tərəfindən ciddiyə alınmır və belə qadınlarla evlilik münasibətləri sonda mümkün olmur. Çünki, öz dəyərlərinə sahib olan azərbaycanlı bəy belə qadını öz gələcək həyat yoldaşı timsalında görmək istəmir".

"Bizim ənənəvi gözəl dəyərlərimiz mövcuddur. Gənclər toydan əvvəl rəsmi və dini nikah bağlayır, elçi və nişan mərasimləri təşkil olunur.Toy mərasimi isə onların birlikdə yaşamağa halal şəkildə başladığını ictimaiyyətə elan edir. Bu mərasimlər milli-mənəvi dəyərlərin, ailə institutunun və sosial hörmətin qorunması üçün əhəmiyyətlidir. Nəticə olaraq, gənclərin nikahdan əvvəl birlikdə yaşaması milli və dini dəyərlərə zidd olmaqla yanaşı, ailə institutunu zəiflədir. Azərbaycan cəmiyyəti olaraq, milli mənəvi dəyərlərimizə sadiq qalmalı, ailənin möhkəmlənməsi üçün ənənəvi evlilik modelini qorumağa çalışmalıyıq. Yalnız rəsmi və dini nikah əsasında qurulan ailə birlikləri cəmiyyətimizin sağlamlığı və gələcəyi üçün önəmlidir" - deyə o, əlavə edib.

Müəllif: Günel Fərzəliyeva