Mayın 26-da Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin yaranmasının 25 illik yubileyinə həsr olunmuş “Hərbi təbabətin aktual problemləri -2025” adlı elmi-praktik konfrans keçirilib. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim, tibb xidməti general mayoru Ceyhun Məmmədov, rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim, t.e.d., ümumi cərrah Bəxtiyar Musayev, Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin rəisi Surxay Məmmədov iştirak ediblər.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev konfransın Hərbi tibb sahəsində innovativ yanaşmalar sessiyasında “Hərbi qulluqçuların etilenqlikolla zəhərlənməsi hadisəsi” mövzusunda və Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin rəisi Surxay Məmmədov Hərbi Tibbi Profilaktika və Tibbi Xidmətlərin təşkili və taktikası sessiyasında “Dövlət sərhədinin sanitar mühafizəsində müasir tendensiyalar” mövzusunda təqdimatla çıxış ediblər.
Konfransda hərbi tibb sahəsində aktual problemlər, innovativ yanaşmalar, tibbi xidmətlərin təşkili və taktiki aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçılar arasında təcrübə paylaşımı həyata keçirilib.