Ötən il bir sıra qeyri-neft sektorları üzrə ümumi daxili məhsulda artım müşahidə edilib - NAZİR

27 May 2025 10:18 (UTC+04:00)

"Sosial sahədə inkişaf göstəriciləri və əldə olunmuş nailiyyətlər dövlət büdcəsində nəzərdə tutulmuş gəlir və xərclərin müsbət dinamika ilə icra olunması fonunda qeydə alınmışdır. Belə ki, ötən il bir sıra qeyri-neft sektorları üzrə ümumi daxili məhsulda artım müşahidə edilmiş, illik proqnoz göstəriciləri çərçivəsində icra səviyyəsi təmin olunmuş, büdcə əməliyyatları praktik olaraq balanslaşdırılmış, milli valyutanın sabitliyi qorunmuş və valyuta bazarında beynəlxalq standartlara uyğun olaraq xarici ticarət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşmışdır". SİA xəbər verir ki, bu sözləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası zamanı Maliyyə Naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycan Respublikasında ümumi daxili məhsul (ÜDM) real ifadədə 4,1% artaraq, 121,3 milyard manatlıq proqnoza qarşı 126,3 milyard manat təşkil etmişdir. Hər nəfərə düşən ÜDM 3,6% artaraq 12,4 min manata çatmışdır. İqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində ötən il qeyri-neft sektorunda 6,2% real artım qeydə alınmışdır. ÜDM-in 68%-i və ya 86 milyard manatı qeyri-neft sektorunun payına düşmüşdür ki, bu da 2023-cü illə müqayisədə mütləq ifadədə 6,7 milyard manat çoxdur.

Eyni zamanda, xarici ticarət göstəricilərində müşahidə olunan müsbət dinamika, pul-kredit və fiskal siyasətin koordinasiyalı şəkildə həyata keçirilməsi nəticəsində milli valyutanın məzənnə sabitliyi qorunmuşdur. 2024-cü ilin dekabr ayında illik inflyasiya 4,90%, orta illik inflyasiya isə 2,10% təşkil etmişdir. Əhalinin nominal gəlirləri 2023-cü illə müqayisədə 6,4% artaraq 83,1 milyard manata çatmış, banklardakı əmanətləri isə 13,2% artaraq 14,7 milyard manat olmuşdur. Hər nəfərə düşən gəlir 8 134 manat təşkil etmişdir"- deyə o əlavə edib.