Azərbaycan 2024-cü ildə baş vermiş təbii fəlakətlər, humanitar böhran və digər səbəblərlə bağlı xarici ölkələrə 71,7 milyon manat yardım göstərib. SİA xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub.
Bildirilib ki, bu çərçivədə Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi ilə əlaqədar Uqandaya 850,2 min, Çiliyə 170 min, Kolumbiyaya 70 min, Antiqua və Barbudaya 510,1 min manat ayırıb. Həmçinin baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Türkiyəyə 70 milyon manat vəsait ayırıb.
Layihəyə əsasən, bütövlükdə xarici yardımlar üzrə xərclər üçün dövlət büdcəsindən istifadə olunmuş vəsait isə 79,6 milyon manat təşkil edib:
Belə ki, beynəlxalq ictimai-siyasi təşkilatlara yardımlar üzrə 3,8 milyon manat, beynəlxalq təşkilatların Azərbaycanda yerləşən ofislərinin fəaliyyətinə yardımlar üzrə 4,1 milyon manat, baş vermiş təbii fəlakətlər, humanitar böhran və digər səbəblərlə bağlı xarici ölkələrə yardımlar üzrə 71,7 milyon manat və sair xərclər üzrə 79 min manat istifadə olunub.