2024-cü ildə dövlət adından yaradılan 55 publik hüquqi şəxsə (PHŞ) dövlət sifarişi əsasında bir sıra iş və xidmətlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən 958,5 milyon manat məbləğində vəsait ödənilib. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu da 2023-cü illə müqayisədə 516,4 milyon manat və yaxud 2,2 dəfə çoxdur.
Kəskin artım əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti iıə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun yaradılması ilə bağlı olub. Başqa sözlə, hesabat dövründə dövlət büdcəsindən PHŞ-lərə ödənilən vəsaitlərdə müşahidə edilən əhəmiyyətli artımın əsas hissəsinin (447 milyon manat) iki qurumun hüquqi statusunun dəyişdirilərək publik hüquqi şəxsə çevrilməsi nəticəsində formalaşdığı nəzərə alınmalıdır ki, bu da əsasən faktiki maliyyələşdirmə səviyyəsində deyil, institusional dəyişiklikdən irəli gələn artım kimi qiymətləndirilə bilər.
Bundan əlavə, məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilə bağlanmış PHŞ-lərin sayında ötən illə müqayisədə müşahidə edilən artım PHŞ-lərə hesabat dövründə ödənilən vəsaitlərin həcminə təsirsiz ötüşməyib Belə ki, 2024-cü ildə müvafiq istiqamətdə müqavilə bağlanmış PHŞ-lərin sayı 55-ə (ötən ilin müvafiq göstəricisi 51) çatıb. Əvvəlki illə müqayisədə 2024-cü il ərzində dövlət sifarişi üzrə 6 PHŞ ilə yeni müqavilə bağlanmışdır ki, bu da PHŞ-lərə dövlət büdcəsindən məqsədli tədbirlər üzrə ödənilən məbləğin əvvəlki illə müqayisədə 29,1 milyon manat (yuxarıda qeyd olunan 447 milyon manat istisna olmaqla) artmasına səbəb olub. Bu artımın 12,1 milyon manatı 2024-cü ildə yaradılmış Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin payına düşüb.
Həm 2023-cü, həm də 2024-cü ilin dövlət büdcəsindən məqsədli vəsaitlər ödənilmiş PHŞ-lər üzrə məlumatların təhlili göstərir (yeni yaradılmış və ləğv edilmiş PHŞ-lər istisna olmaqla) ki, 6 PHŞ üzrə ödənilmiş vəsaitlərin məbləği dəyişməyib, 18 PHŞ üzrə 21,4 milyon manat azalma, 25 PHŞ üzrə isə 98,3 milyon manat artım müşahidə edilib.