Ətraf mühitin mühafizəsi üçün 361,9 milyon manat xərclənib

27 May 2025 10:11 (UTC+04:00)

Ötən il dövlət büdcəsindən ətraf mühitin mühafizəsi üçün 361,9 milyon manat xərclənib, bununla da nəzərdə tutulan vəsaitin 96,0 faizi (15 milyon manat az) istifadə olunub. SİA xəbər verir ki, bununla bağlı məsələ "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində öz əksini tapıb.

Qeyd edilib ki, bu da 2023-cü illə müqayisədə 3,3 milyon manat və ya 0,9 faiz çoxdur. Hesabat ilində ətraf mühitin mühafizəsi xərcləri ÜDM-in 0,3 faizin, dövlət büdcəsi xərclərinin isə 1 faizini təşkil edib.

Bundan başqa, 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış əlavə olaraq 29,1 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla ətraf mühitin mühafizəsi sahəsinə dövlət büdcəsi xərclərinin 1 faizi həcmində və ya 391 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2023-cü illə müqayisədə 26,4 milyon manat və ya 7,2 faiz çoxdur.