Beynəlxalq fəaliyyət üzrə nəzərdə tutulmuş vəsaitin 90,4 faizi istifadə olunub

27 May 2025 10:10 (UTC+04:00)

Ötən il beynəlxalq fəaliyyət üzrə dövlət büdcəsində nəzərdə tutulmuş 583,1 milyon manat vəsaitin 526,9 milyon manatı və ya 90,4 faizi istifadə olunub. SİA xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub.

Məlumata görə, sözügedən fəaliyyət beynəlxalq münasibətlər (o cümlədən beynəlxalq və regional təşkilatlara üzvlük haqqı və maliyyə institutlarının (maliyyə-kredit təşkilatlarının) səhm kapitalında iştirak, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması, həmçinin onların fəaliyyəti ilə bağlı digər xərclər, beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər), xarici yardımlar, Azərbaycanın həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi və Azərbaycanın xaricdəki ticarət nümayəndələrinin saxlanılması məsələlərini əhatə edib.

Bundan başqa 2024-cü ildə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycanın 84 diplomatik nümayəndəlik və konsulluqların saxlanılması və digər xərcləri üçün 196,2 milyon manat vəsait ayrılıb.

Həmçinin bildirilib ki, Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərinin saxlanılması (Azərbaycanın Çin, Rusiya, Türkiyə, BƏƏ və Polşadakı Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndələrinin aparatları) üçün 3,6 milyon manat məbləğində vəsait yönəldilib.

Məlumata görə, beynəlxalq və regional təşkilatlara üzvlük haqqı xərcləri üzrə 16,5 milyon manat, eləcə də beynəlxalq və regional maliyyə institutlarının səhm kapitalında iştirakla bağlı öhdəliklər üçün 4,9 milyon manat vəsait istifadə edilib.

Belə ki, üzvlük haqqı çərçivəsində BMT sisteminə aid olan qurumlar, proqramlar və konvensiyalara 5,4 milyon, İƏT və оnun qurumlаrına 1,3 milyon, MDB təşkilаtlаrına 1,2 milyon və digər beynəlxalq təşkilatlara 8,6 milyon manat xərclənib.

Maliyyə institutlarının səhm kapitalında iştirakla bağlı öhdəliklərinə gəldikdə isə Asiya İnkişaf Bankına 1,6 milyon, İslam İnkişaf Bankına 1,3 milyon, Beynəlxalq Maliyyə Korporasiyasına isə 2 milyon manat sərf edilib.