Ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna ayrılmış vəsaitin 81 faizi xərclənib. SİA xəbər verir ki, bununla bağlı məsələ "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənəd parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihədə qeyd edilib ki, Fonda ayrılan 13,7 milyon manat vəsaitə qarşı icra 11,1 milyon manat təşkil edib.
Sənəddə vurğulanıb ki, vəsaitin 1,7 milyon manatı Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı göstərilməsi ilə bağlı xərclərə, 8,5 milyon manatı isə mənəvi dəyərlərin qorunmasını həyata keçirən şəxslərə dövlət tərəfindən maddi yardımın göstərilməsinə xərclənib.
2024-cü ildə Azərbaycan İlahiyyat İnstitutunda təhsil alan tələbələrə maddi yardımın göstərilməsinə 100 min manat, Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti və saxlanılması xərclərinə və digər tədbirlərə isə 800 min manatı yönəldilib.