Madrid Universitetinin ispan arxeoloqları San Lazaro mağarasında heyrətamiz bir "sənət əsəri" tapıblar. SİA xəbər verir ki, onlar üzərində insan üzünə bənzəyən təbii çökəklikləri olan və neandertal barmaq izinin qorunub saxlandığı qranit daş aşkarlayıblar.
Təxminən 43 min il yaşı olan tapıntı Avropadakı portativ sənətin ən qədim nümunəsi ola bilər.
Araşdırma “Archaeological and Anthropological Sciences” (A&AS) elmi jurnalında dərc olunub.
20 sm uzunluğundakı qeyri-adi daş antropomorfik forması ilə alimlərin diqqətini çəkib. "Üzün" burnunun olması lazım olan yerdə yerləşən qırmızı oxra nöqtəsi xüsusi maraq doğurur. Ekspertlər piqment işarəsinin yetkin neandertal kişi barmağının ucu ilə edildiyini təsdiqləyiblər.
“Nöqtənin yeri təsadüfi deyil - o, daşın təbii konturlarına mükəmməl uyğun gəlir. Bu, təsadüfi çirklənmə deyil, qəsdən edilən hərəkətə dəlalət edir”, - deyə layihə rəhbəri David Alvarez Alonso izah edib.
Kəşf neandertalların idrak qabiliyyətlərinə dair məlumatlara yeni işıq salır.
Elm adamları deyirlər ki, neandertallar müasir insanların idrak qabiliyyətlərindən heç də aşağı olmayan mücərrəd təfəkkür inkişaf etdiriblər.