“Atletiko”nun qapıçısı Yan Oblak 2024/25 mövsümündə La Liqanın ən az qol buraxan qapıçısı kimi “Samora” mükafatına layiq görülüb. SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Samora” trofeyi İspaniyanın məşhur “Marca” qəzeti tərəfindən təqdim olunur və adını əfsanəvi qolkiper Rikardo Samoradan alıb. Mükafatı qazanmaq üçün qapıçılar İspaniya çempionatında ən azı 28 oyunda (hər oyunda minimum 60 dəqiqə) iştirak etməli və hər matçda buraxılan qolların orta göstəricisi ən aşağı olmalıdır.
Oblak bu mövsüm La Liqada 38 turdan 36-da iştirak edib, cəmi 30 qol buraxıb və 15 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Bu, sloveniyalı qolkiperin altıncı “Samora” mükafatıdır. O, daha əvvəl 2016–2019 və 2021-ci illərdə bu mükafata layiq görülmüşdü. Beləliklə, Oblak bu göstəricidə “Barselona”nın əfsanəvi qapıçıları Viktor Valdes və Antoni Ramaletsə məxsus olan rekordu yeniləyərək tarixdə bu titulu ən çox qazanan qapıçı olub.
Xatırladaq ki, mövsümün son turunda “Atletiko” səfərdə Viktor Tsıqankov və Vladislav Krapivtsovun çıxış etdiyi “Jirona”nı 4:0 hesabı ilə məğlub edib.